Əlcəzair Prezidenti Abdelmacid Tebbun “Kassaman” kimi tanınan dövlət himninə Fransanın müstəmləkəçi dövlət olduğunu xatırladan sətirlərin geri qaytarılması barədə fərman imzalayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Maghreb aktu” informasiya portalı məlumat yayıb.
“Kassaman” (mənası “and içirik” deməkdir – red.) ötən əsrin 50-ci illərinin ortalarında yazılıb və ölkə 1962-ci ilin iyulunda Fransadan müstəqillik qazandıqdan sonra Əlcəzair Xalq Demokratik Respublikasının (ƏXDR) himni olub.
Əlcəzairin dövlət himninə aşağıdakı sətirlər qaytarılıb:
“Ey Fransa, boş danışmağın vaxtı bitdi.
Onu kitabı bağlayan kimi bağladıq.
Ey Fransa! Hazır ol, etdiklərinin bədəlini ödəməli olduğun gün gəlib çatdı.
Cavabımız budur, inqilabımız öz hökmünü verəcək.
Çünki biz qərar verdik – Əlcəzair yaşayacaq,
Siz də buna şahid olun!”
Müşahidəçilərin fikrincə, bərpa edilmiş sətirlər 1986-cı ildə ƏXDR-nin keçmiş prezidenti Şadli Bencedidin qərarı ilə himndən çıxarılmışdı. Bunun siyasi səbəblərdən edildiyi güman olunur. O zaman himn beş bənddən dördə salınmışdı.