“Yeni Azərbaycan Partiyasının gəncləri dünəndən çox lazımlı və humanist layihəyə başlayıblar. Fədakar gənclərimiz aztəminatlı, qayğıya ehtiyacı olan ailələrə kömək göstərir, onlara dayaq olmağa çalışırlar”.
“Report” xəbər verir ki, bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində bildirib.
O, bu layihənin təqdirəlayiq hərəkət olduğunu vurğulayıb: “Əvvəlcədən demək istəyirəm ki, bu nə partiya çağırışı, nə də tapşırıqdır. Gənc oğlan və qızlar öz təşəbbüsü ilə belə bir hərəkata başlayıb, özlərinin çox da olmayan imkanları ilə ehtiyacı olan insanlarımıza qayğı göstərirlər. Təqdirəlayiq hərəkətdir. İnsanpərvərliyin və hümanizmin diqqətəlayiq ifadəsidir. Bu eyni zamanda dövlətimizin həyata keçirdiyi sosial siyasətə gəncliyin özünəməxsus dəstəyi kimi də qiymətləndirilə bilər. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2019-cu ilin birinci yarısında minimum əməkhaqqıları və pensiyalar 2 dəfə, ayrı-ayrı kateqoriyadan olan vətəndaşlara, o cümlədən məcburi köçkünlərə, şəhid ailələrinə və Qarabağ əlillərinə verilən pensiya və müavinətlər əhəmiyyətli dərəcədə artırıldı. Gənclərimiz də Prezidentin humanist addımına dəstək ifadə edərək sözügedən aksiyaya başlayıblar. İnsana qayğı insanlığın ən ali dəyərlərindəndir. Sevindirici haldır ki, Yeni Azərbaycan Partiyasının gəncləri bu keyfiyyəti dərindən mənimsəyib, qayğıya, köməyə, adi bir diqqətə ehtiyacı olan insanları yaddan çıxarmır, onlarla bir yerdədir. Söhbət heç də yalnız maddi dəstəkdən getmir. Bəzən mənəvi dəstək daha gərəkli və gözlənilən olur. Mən Azərbaycanın bütün gənclərini aksiyaya qoşulmağa çağırıram. Ətrafdakılara diqqət və qayğı göstərsən, sən də heç zaman diqqət və qayğıdan kənarda qalmazsan. Mən üzümü müəyyən qrupların, partiyaların və təbliğatların təsiri altında və ya birbaşa çağırışları ilə aqressivləşən, insanları təhqir etməyə, ölkəmizin parlaq imicinə ləkə vurmağa meyilli olan gənclərə tutaraq demək istəyirəm ki, gəncliyə xas olan tükənməyən enerjinizi daha lazımlı işlərə sərf edin. Həm ölkəmiz, həm də insanlar üçün faydalı olmağa çalışın. İnanıram ki, Yeni Azərbaycan Partiyasının gənclərinin başladığı qayğı aksiyası bir nümunə olacaq, digər insanlar da ona qoşulacaq”.