Xəbər verdiyimiz kimi, Əmanətlərin Sığortalanması Fondu ötən il ləğv prosesində olan (LPO) bankların kreditorlarının elektron portalının layihəsinin təqdimatını həyata keçirmişdi. Təqdimatda bankların ləğv prosesini şəffaf şəkildə həyata keçirmək, ləğv prosesində olan bankların kreditorlarını vaxtında məlumatlandırmaq, kreditorlarla əlaqələri genişləndirmək, habelə onların maraqlarını qorumaq məqsədilə elektron portalın yaradılması zərurəti vurğulanmışdı.
Fonddan AZƏRTAC-a bildirilib ki, Kreditorların Elektron Portalı artıq LPO bankların kreditorlarının istifadəsinə hazırdır. Elektronlaşma dövrünün geniş vüsət aldığı bir zamanda, habelə COVID-19 pandemiyasının və gələcəkdə bu qəbildən ola biləcək mümkün təhlükələri nəzərə aldıqda Kreditorların Elektron Portalının istifadəyə verilməsi xüsusi əhəmiyyətə malikdir. Bu, şübhəsiz ki, ləğv prosesində olan bankların kreditorları üçün məlumatların əlçatanlığının daha sadələşdirilmiş şəkildə təmin edilməsinə öz töhfəsini verəcək.
Ləğv prosesində olan bankların kreditorları portala “ASAN Login”dən istifadə etməklə daxil ola bilərlər. Portala daxil olan hər bir istifadəçi öz “Müştəri kabineti”ndə ona aid məlumatların doğruluğunu yoxlaya, habelə əlavə edə (əlaqə vasitələri) bilər. Kreditorlar portal vasitəsilə hesabatlarla tanış olmaqla yanaşı, kreditlər üzrə təminat kimi yüklü edilmiş əmlakların girovdan azad edilməsi və vətəndaş qəbulu üçün tam şəffaf şəkildə, vaxtlarına qənaət edərək, onlayn şəkildə müraciət edə biləcəklər.
Əmanətlərin Sığortalanması Fondunun hədəfi ləğvedici təyin olunduğu bankların ləğv prosesinin daha effektiv və çevik şəkildə başa çatdırılmasıdır və portalın istifadəyə verilməsi Fond ilə ləğv prosesində olan bankların kreditorları arasında məlumat mübadiləsində, habelə ləğv prosesinin sürətləndirilməsində böyük rol oynayacaq.