“İdeyadan Biznesə” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandaların startap layihələri yarışıb.
Yarışda Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Memarlıq və İnşaat, Bakı Mühəndislik, ADA, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərinin tələbələri iştirak edib.
Tələbələrdən ibarət 15 komandanın hər biri 3 dəqiqə ərzində öz layihəsini münsiflər heyəti qarşısında təqdim edib. Münsiflər layihələri “İdeya”, “İnnovasiyalar”, “Texnologiyalar” və “Mümkünlük” kriteriləri üzrə qiymətləndiriblər.
Layihələrin təqdimatından sonra ən yaxşı startap komandası olan ali təhsil müəssisələrinin adları bəlli olub. Belə ki, Bakı Mühəndislik Universiteti I yer, ADA Universiteti II yer, Azərbaycan Texniki Universiteti isə III yeri tutub.
Ümumilikdə ali məktəblər üzrə 8 startapçı – “Gonex” layihəsi ilə Adil Qafarlı, “Guide to” layihəsi ilə İlkin Quluzadə, “Just” layihəsi ilə Əli Babayev, “Yoldaş” layihəsi ilə Rüstəm Həsənli, “Xilaskar Braslet” layihəsi ilə Nərgiz Əliyeva, “Smart home” layihəsi ilə İsmayıl Həsənov, “Eagle 2.0” layihəsi ilə Ayxan Qurbanov, “Mayak” layihəsi ilə Aytac Əsgərova startap turlarının qaliblərinin yarışacağı Milli Finala dəvət olunub. Qeyd edək ki, Milli Final 26-30 oktyabr tarixlərində ilk dəfə olaraq Bakıda təşkil olunan “İnnovasiyalar həftəsi” çərçivəsində keçiriləcək.
Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkəti ilə birgə həyata keçirdiyi “İdeyadan Biznesə” layihəsi çərçivəsində Bakı Dövlət, Azərbaycan Texniki, Bakı Mühəndislik və Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində startap turları təşkil edilərək hər bir təhsil müəssisəsi üzrə qaliblər müəyyən olunmuşdu.