Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
“Report” xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Türkiyə Prezidenti Vətən müharibəsində həlak olmuş şəhidlərimizlə əlaqədar Azərbaycan Prezidentinə bir daha başsağlığı verib. Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsi ilə bağlı təbriklərini də çatdırıb.
Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib və Vətən müharibəsi zamanı Türkiyə Prezidentinin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi bir daha yüksək qiymətləndirib.
Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.