Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə baş tutan görüş başa çatıb.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ikitərəfli görüş 1 saat 15 dəqiqə davam edib. Daha sonra hər iki dövlət başçısı mətbuat nümayəndələrinin qarşısına çıxıblar. Konfransda çıxış edən D. Tramp bildirib ki, Türkiyə ABŞ-ın NATO-dakı müttəfiqi və strateji tərəfdaşıdır. O, türkiyəli həmkarı ilə Suriya məsələsini ətraflı müzakirə etdiyini bildirib. Donald Tramp qeyd edib ki, Türkiyə tərəfinin Rusiyadan aldığı S-400 kompleksi ilə bağlı danışıqlar davam edəcək. “Ərdoğan ilə məhsuldar görüş keçirdik. Türkiyə və Amerika rəsmiləri “F-35” məsələsinin həlli üçün çox çalışırlar”.
R.T. Ərdoğan isə gündəlikdə duran məsələlərlə bağlı səmimi danışıqlar apardığını bildirib: “Terror təşkilatı İŞİD ilə mübarizənin əhəmiyyətini vurğuladıq. Hər ikimiz milli təhlükəsizliyimizi təhdid edən terror təşkilatları ilə mübarizə mövzusunda qarşılıqlı iradəmizi təsdiq etdik. “S-400” hava hücumundan müdafiə sistemləri və “F-35” proqramı ilə bağlı qarşılaşdığımız problemləri isə yalnız dialoq vasitəsilə həll edə bilərik”.
ABŞ Nümayəndələr Palatasının “qondarma erməni soyqırımı” ilə bağlı verdiyi qərardan Türkiyə tərəfinin narazı olduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib ki, onun ölkəsi dialoq tərəfdarıdır və erməni tərəfinə ortaq komissiya yaratmaq təklifini qüvvədə saxlayır: “Bu qərar iki ölkə arasında mövcud olan münasibətlərə kölgə salır”. Ərdoğan bildirib ki, bu gün Türkiyədəki həbsxanalarda, eləcə də Suriyanın Türkiyə tərəfindən nəzarətdə olan bölgələrdəki saxlama təcridxanalarında təxminən 2200 İŞİD terrorçusu saxlanılır:
“Türkiyə ABŞ-la münasibətlərdə yeni bir səhifə açmaq əzmindədir. Ankara ilə Vaşinqton yaxın tərəfdaşdır. PKK terrorçularına rəğbət bəsləyən bəzi dairələr Suriyanın şimal-şərqindəki Türkiyə-Amerika razılaşmalarından narahatdır. Biz Suriya böhranının uzunmüddətli həlli naminə ABŞ-la əldə olunan razılaşmalara sadiqik. Odur ki, hər iki ölkə İŞİD təhlükəsini tamamilə məhv etmək üçün birgə səy göstərə bilər. Ölkələrimiz Suriyada sülhə və sabitliyə töhfə verir. Türkiyə heç bir milli və dini ayrıseçkiliyə yol vermədən ancaq terror təşkilatları ilə mübarizə aparır.”.