15 may bütün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur. Bu günün təsis edilməsində əsas məqsəd dünyanın dayanıqlı inkişafı üçün iqlim dəyişmələri ilə mübarizəyə beynəlxalq ictimaiyyətin cəlb edilməsindən ibarətdir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) Ekspertlər Qrupunun qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması əsasən antropogen amillərlə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sektor müdiri Fuad Hümbətov bildirib.
O qeyd edib ki, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin hesablamalarına görə, istixana qazlarının emissiyalarının azaldılması ilə bağlı heç bir tədbir görülməzsə, XXI əsrdə dünyanın orta illik temperaturu ən azı 3-4 dərəcə Selsi yüksələ bilər: “12 dekabr 2015-ci ildə imzalanmış İqlim Dəyişmələri üzrə Paris Razılaşmasında bütün ölkələr qlobal temperaturun artım səviyyəsinin sənaye dövründən əvvəlki göstərici ilə müqayisədə 2 dərəcə C keçməməsini təmin etmək və ciddi riskləri nəzərə alaraq, bu göstəricinin 1.5 dərəcə C-dən aşağı olması üçün tədbirlər görmək barədə razılığa gəlib.
Azərbaycan Respublikası Paris Sazişinə qoşularaq onu 28 oktyabr 2016-cı ildə ratifikasiya edib. Məhz bu sazişin 4-cü maddəsindəki öhdəliyə uyğun olaraq, Azərbaycan Respublikası özünün Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr üzrə sənədini 2015-ci ilin oktyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Katibliyinə rəsmi şəkildə təqdim edib”.
F.Hümbətov bildirib ki, bu sənəddə qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə olaraq, Azərbaycan 1990-cı il, yəni “baza ili” ilə müqayisədə 2030-cu ildə İstilik Effekti Yaradan Qazların 35 faiz azalmasını hədəf kimi götürüb.
“Azərbaycanda adambaşına düşən emissiyalar 6.3 ton CO2 ekvivalenti, udulmaları nəzərə alınmaqla netto emissiyalar 5.6 ton CO2 ekvivalent təşkil edib. Qeyd etmək lazımdır ki, 2016-cı ildə dünya üzrə orta hesabla adambaşına netto emissiyalar 6 ton CO2 ekvivalenti olub. Müqayisə üçün bildirim ki, Almaniya və Avstriya kimi inkişaf etmiş ölkələrdə bu rəqəmlər müvafiq olaraq 9.79 ton və 7.74 ton CO2 ekvivalent təşkil edir”.
Onun sözlərinə görə, iqlim dəyişmələri ilə bağlı problemin aktuallığı və qurumlararası əlaqələrin gücləndirilməsinin əhəmiyyətini nəzərə alaraq, hələ 1997-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən ölkəmizdə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının yaradılması barədə Sərəncam verilmişdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 11 mart tarixli Sərəncamı ilə yeni tərkibdə təsdiq edilmiş Dövlət Komissiyasının fəaliyyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.
“Beynəlxalq ictimaiyyət hər il 15 may – Beynəlxalq İqlim Gününü qeyd edərkən iqlim dəyişmələri üzrə beynəlxalq ekspertlər tərəfindən dünya ölkələrinə müxtəlif çağırışlar edilir.
Əsas məqsəd ondan ibarətdir ki, alternativ enerji mənbələrindən istifadə ilə istilik effekti yaradan qazların emissiyalarının azaldılması, habelə iqlim dəyişmələrinə qarşı effektiv uyğunlaşma tədbirlərinin genişləndirilməsi istiqamətində istər lokal, istərsə də qlobal səviyyədə ölkələrarası əməkdaşlıq əlaqələri təcili genişləndirilməlidir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qeyd olunmuş 5-ci Prioritetin implementasiyası, yəni Azərbaycan Respublikasının təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsi məsələsi, xüsusən 2020-ci ildə 44 günlük müharibə nəticəsində işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji mənbələrindən istifadə qlobal iqlim dəyişmələri ilə mübarizədə, şübhəsiz ki, böyük töhfə verəcəkdir”.