26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təntənəli mərasim keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin rəhbər heyəti və digər hərbi qulluqçular, şəhid ailələri, müharibə veteranları və qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak ediblər.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiətilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Təntənəli mərasimdə çıxış edən müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycan Respublikasının Prezidentinin və müdafiə nazirinin təbriklərini tədbir iştirakçılarına çatdırıb.
Azərbaycan Ordusunun yaranma tarixindən bəhs edən Baş Qərargah rəisi Kərim Vəliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan uğurlu islahatlardan danışıb.
Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbənin, eləcə də digər əməliyyatların uğurlu nəticəsinin tarixi əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan Ordusu Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin istənilən əmr və tapşırıqlarını yüksək peşəkarlıqla icra etməyə hər an hazırdır.
Tədbirdə çıxış edənlər şəhid ailələri, hərbi qulluqçular sağlamlığını itirən döyüşçülərimizə və müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra iştirakçılara Azərbaycan Ordusunun yaranmasından və Vətən müharibəsində qazanılan şanlı Qələbəyə gedən yoldan bəhs edən videoçarx təqdim edilib.
Bayram tədbiri Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə başa çatıb.