Milli Məclisin deputatı Naqif Həmzəyevin rəsmi facebook səhifəsində başlatdığı ”5 kitab danış, 1 kitab qazan” adlı sosial aksiya izləyicilər tərəfindən maraqla qarşılanıb.
Oxuduğunuz 5 kitabın hər biri barədə 1 dəqiqəlik qısa video çəkib info@hamzayev.az ünvana göndərin və bir kitab hədiyyə qazanın – deyə gənclərə müraciət edən millət vəkilinin çağırışına onlarla kitabsevər qoşulub. Oxuduqları 5 kitabın hər biri barədə 1 dəqiqəlik video çəkib info@hamzayev.az ünvana göndərən izləyici millət vəkili tərəfindən bir kitab hədiyyə qazanıb. Sevindirici haldır ki. aksiyaya qoşulanlar arasında gənclərlə yanaşı məktəblilər də çoxluq təşkil edib. Millət vəkilinin elektron poçt ünvanına daxil olan məlumatlar arasında 4 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Rəsul Əliyevin hazırladığı video material diqqəti daha çox çəkib. Balaça mütaliə həvəskarının göndərdiyi videoda oxuduğu 5 kitab haqqında verdiyi ətraflı və dolğun məlumatdan aydın görsənir ki, yaşının az olmasına baxmayaraq Rəsul zamanı düzgün dəyərləndirməyi bacarıb. Eyni zamanda 10 yaşlı məktəbli həmyaşıdlarına örnək olaraq, sosial izolyasiya dövrünü sözün əsl mənasında fürsətə çeviriərək, dərs vəsaitlərindən əlavə, bədii kitablar oxuyub. Bu da Rəsulun dünyagörüşünün, fikiryürütmə qabiliyyətinin, nitqinin, bədii zövqünün formalaşmasına müsbət təsir edir.
Qeyd edək ki, millət vəkili Naqif Həmzəyevin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan olunmuş karantin rejimini nəzərə alaraq həyata keçirdiyi ”5 kitab danış, 1 kitab qazan” adlı aksiyanın məqsədi sosial izoliyasiyada zamandan səmərəli yararlanmağa yardım olmaqdır.