Oktyabrın 2-6-da Bakıda təşkil ediləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda keçiriləcək Konqresə bu il rekord sayda – 95 ölkədən elmi iş təqdim olunub.
Bakı Konqresinə kosmos sahəsində fəaliyyət göstərən elm adamları və tədqiqatçılar tərəfindən kosmosa və bəşəriyyətin xeyrinə müsbət təsir göstərə biləcək 3532 elmi məqalə qeydiyyatdan keçib. Bu göstərici ilə Bakı Konqresi Paris (2022-ci il), Vaşinqton (2019-cu il) və Bremen (2018-ci il) konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub.
Xüsusilə vurğulanmalıdır ki, bu il Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da 214 elmi məqalə ilə rekord həcmdə olub. Azərbaycan elminin dünya elminə inteqrasiyası fonunda ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra olmaqla ilk beşlikdə yer alır.
“Ölkəmizdən bu il Beynəlxalq Astronavtika Konqresinə təqdim olunan elmi məqalələrin sayı rekord rəqəmə çatıb. Azərbaycanlı alim və gənclər tərəfindən konqresə 214 elmi məqalə təqdim olunub. Bu, ölkəmizdə insan kapitalına verilən dəyərin, elm, tədqiqat və texnologiya sahələrində artan uğurlarımızın əyani sübutudur. Bu rəqəm əslində ölkəmizdə kosmos sahəsində elmi nəticələrin beynəlxalq platformalarda nümayiş olunması istiqamətində gənclərimizin qazandığı nailiyyətlərin davamıdır”, – deyə “Azərkosmos”un sədri Saməddin Əsədov bildirib.
Həmçinin “Azərkosmos”un Beynəlxalq Astronavtika Konqresinə hazırlıq departamentinin direktoru Rəna Cəfərova bildirib ki, Konqresdə iştirak edəcək qonaqlar üçün “Azərbaycan Hava Yolları” və “Türk Hava Yolları” biletləri güzəştli qiymətlə satacaqlar. Artıq hər iki aviaşirkətlə razılıq əldə olunub.
Konqreslə bağlı ölkəmizə gələcək qonaqların viza məsələləri hava limanında qısa zamanda həll olunacaq.
Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresi Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin yaxınlığında inşa ediləcək müvəqqəti sərgi povilyonunda baş tutacaq.