Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) vətəndaş məmnunluğunun yüksəldilməsi, əhalinin daha rahat və çevik qaydada xidmətlərdən yararlanması istiqamətində sosial tədbirlərin sayını artıraraq fərqliliyə imza atıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, budəfəki “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasında paytaxtın 99 yaşlı sakininə – Ənvər Seyid-Əliyevə elə ünvanındaca, yaşadığı evdə əmlakına dair çıxarış təqdim edilib. Həyata keçirilən bu sosial addım dövlətin vətəndaşlara göstərdiyi qayğının nəticəsidir.
Həmin şəxs Azərbaycanın əməkdar həkimidir. O, bu sahədə tətbiq edilən sosial layihədən faydalanan ən yaşlı vətəndaş olub.
Çıxarış Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə dair verilib. Vətəndaşdan ilkin hüquq müəyyənedici sənədlər də əvvəlcədən evində alınıb. Sosial addım 99 yaşlı şəxsin əmlakına sənəd almaq üçün əlavə ünvanlara getmədən qeydiyyat xidmətindən yararlanmasına şərait yaradıb. Bu, həm vaxt itkisinin qarşısını alıb, həm də yaşlı insan üçün yarana biləcək bəzi sosial çətinlikləri həll edib.
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların maksimum sadələşdirilməsi, xidmətin vətəndaş ünvanına çatdırılması üzrə mütəmadi olaraq işlər görür. Məhz “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası da belə tədbirlərdəndir.
Respublikanın müxtəlif regionlarında keçirilən belə kampaniyalar daşınmaz əmlakın qeydiyyata alınması prosesini sürətləndirir, vətəndaşların mülkiyyət hüquqlarını daha rahat həyata keçirməsinə şərait yaradır. Dövlət qeydiyyatına alınmış hər bir əmlak isə sahibinə əlavə imkanlar yaradır. Bütün növ daşınmaz əmlakların çıxarışla təminatı onların hüquqi və iqtisadi əməliyyatlara cəlb olunması zamanı yarana biləcək maneələrin qarşısı alınır.