Türkiyə və Gürcüstan dəmir yolu ilə yük daşımalarını ildə 500 min tona çatdırmaq niyyətindədir.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə “TCDD Taşımacılık AŞ” (Türkiyə dövlət dəmir yolu operatorunun törəmə şirkəti) və Gürcüstanın “Logistika və Terminallar” (“Gürcüstan Dəmir Yolları” SC-nin törəmə şirkəti) arasında imzalanmış əməkdaşlıq memorandumunda qeyd olunub.
TCDD-nin Mətbuat xidmətinin məlumatına görə, memorandum Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin inkişaf etdirilməsi məqsədilə iyunun 17-də Ankarada imzalanıb.
Xatırladaq ki, 2017-ci ilin oktyabrında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilib. İlkin mərhələdə bu marşrut üzrə yük daşımalarının həcmi 6,5 milyon ton yük səviyyəsində olacaq, eləcə də bir milyona yaxın sərnişin daşınacaq. BTQ Çindən gələn malların Avropaya çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.