Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.
Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Məlumatda qeyd edilir ki, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.
Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub.
Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınəb (Kp=3, 4).
Kosmik hava proqnozu – Proqnoz dövründə (24 – 26 iyun) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (24 – 26 iyun) Günəş küləyi sürəti artdığından yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (24 – 26 iyun) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (24 – 26 iyun) Günəş küləyi parametrləri üçün normal şərait davam edəcək.
Proqnoz dövründə (24 – 26 iyun) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=2, 3). Maqnit qasırğasının yaranması ehtimalı 5%-dən aşağı qiymətləndirilir.