Təhsil Nazirliyinin xüsusi hallarla bağlı yaradılan 146-2 “Qaynar xətti”nə edilən müraciətlərin sayı açıqlanıb.
Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, xüsusi hallarla bağlı yaradılmış 146-2 “Qaynar xətti”nə son iki ay ərzində 53 müraciət daxil olub. Bu müraciətlərin 45-i may, 8-i isə iyun ayında qeydə alınıb.
Qeyd edək ki, bu ilin aprelində keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov məktəblərdə xüsusi hallarla bağlı məsələlərə daha operativ reaksiya verilməsi məqsədilə 146-2 “Qaynar xətti”n yaradılacağını bildirib. May ayında artıq Təhsil Nazirliyində təhsil müəssisələrində baş vermə təhlükəsi olan və ya baş vermiş xüsusi hallarla bağlı “Qaynar xətt” (146-2) istifadəyə verilib.
“Qaynar xətt”in əsas məqsədi baş vermə təhlükəsi olan və ya baş vermiş xüsusi hallarla bağlı məlumatların vətəndaşlar tərəfindən birbaşa nazirliyə verilməsidir. Bu cür məlumatlar nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən operativ araşdırılaraq müvafiq qərar qəbul ediləcək, həmçinin belə halların qarşısının alınması məqsədilə lazımi tədbirlər görüləcək.
146-2 “Qaynar xətt”inə daxil olmuş məlumatlar nazirlikdə bu məqsədlə təhkim olunmuş əməkdaşlara yönləndiriləcək, nazirliyin və ya yerli təhsil idarəetmə orqanının aidiyyəti məsul şəxsləri tərəfindən dərhal nəzarətə götürüləcək. Xüsusi hallarla bağlı daxil olmuş məlumatlar təhlil edilərək mütəmadi olaraq ümumiləşdiriləcək və aidiyyəti təkliflərlə birlikdə nazirliyin rəhbərliyinə təqdim ediləcək.
146-2 “Qaynar xətt”in fəaliyyəti ilə bağlı məlumat lövhələri yeni tədris ilindən başlayaraq bütün təhsil müəssisələrində yerləşdiriləcək.
Xüsusi hallara təhsil müəssisəsi və onun ərazisində baş vermə təhlükəsi olan və ya baş vermiş yanğın, zəhərlənmə, təhsilalanların, təhsil işçilərinin xəsarət almasına səbəb olan bədbəxt hadisələr, təhsilalanlara və ya müəssisə işçilərinə qarşı fiziki və ya psixi zorakılıq halları, təhsil müəssisəsinin normal fəaliyyətinin ciddi pozulmasına səbəb ola bilən digər hallar aiddir.