Dünya Robot Olimpiadasında iştirak hüququ qazanan Azərbaycan komandaları üçün Daşkəsəndə düşərgə təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının (AREA) təsisçisi və mentoru Rəhman Rəsulzadə deyib.
O bildirib ki, Bakıda 8-19 yaşlı yeniyetmə və gənclər arasında keçirilən III Robot Olimpiadasının qaliblərinin Dünya Robot Olimpiadasına hazırlığı məqsədilə şagirdlər, tələbələr, həmçinin onların müəllimləri üçün Daşkəsəndə, Daşbulaqda ödənişsiz düşərgə təşkil olunacaq. Düşərgədə 5 komanda ilə yanaşı, təlimçi, təlimçilərə rəhbərlik edən baş məşqçi iştirak edəcək. Onlar bu düşərgədə robototexnika və mühəndislik düşərgəsinə hazırlaşacaqlar. Burada komandalar proqram təminatlarını təkrar nəzərdən keçirəcək, robotları yığıb-sökmək işlərini yerinə yetirəcək, prototiplərini hazırlayıb məşq edəcəklər.
Xatırladaq ki, III Robot Olimpiadası 6 kateqoriya üzrə keçirilib və qalib komandalar noyabrın 8-10-da Macarıstanda keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanıblar.
Dünyanın ən böyük robototexnika yarışı olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il fərqli mövzular üzrə müxtəlif ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda təşkil edilən bu olimpiadada 12 ölkə iştirak edib. Hazırda iştirakçıların sayı 70-i ötüb.
Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib.