Tayvan və Yaponiyada dağıdıcı “Lekima” qasırğası ilə bağlı hazırlıq işləri görülür. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, hazırda Sakit okean istiqamətindən yaxınlaşan küləyin gücü saatda 205 kilometrədək güclənib və bu, 3-cü dərəcəli qasırğaya bərabərdir. Avqustun 8-də gecə saatlarında isə tayfunun sürətinin saatda 240 kilometrə çatacağı bildirilir.
Meteoroloqlar qeyd edirlər ki, tayfunun şiddətinin ən çox hiss ediləcəyi ərazilər Tayvanın şimalı və Yaponiyanın Ryukyu və Kyuşu adaları olacaq. Həmçinin əhalisinin sayı 1,4 milyon nəfər olan Okinava adasında da təbii fəlakətin qarşısını almaq üçün hazırlıq işləri görülüb. Yaponiya Meteorologiya Agentliyinin Okinava şöbəsinin məlumatında deyilir ki, tayfun yuxarıda qeyd olunan ərazilərdə ciddi dağıntılara səbəb ola bilər. Bildirilir ki, avqustun 9-da Tayvana yaxınlaşacaq qasırğa bir gün sonra Çinin Şanxay sahillərində də öz təsirini göstərəcək. Çində küləyin gücü saatda 160 kilometrə çatacaq.
Qeyd olunur ki, Tayvan və Yaponiya əhaliyə müvafiq xəbərdarlıq edib, həmçinin təhlükəli ərazilərdən insanların təxliyəsi üçün tədbirlər görüb.