Avqustun 26-da Gədəbəy rayonunun Düzyurd-Miskinli yaylağında “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin açılış mərasimi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə “ASAN xidmət”, Müdafiə Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Gədəbəy Rayon İcra Hakimiyyəti və “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilib.
Açılış mərasimindən öncə iştirakçılar Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzi və Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birliyi ilə tanış olublar.
Mərasimdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, Hərbi Birliyin zabit heyəti və digər qonaqlar iştirak ediblər.
İştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, hörmət və ehtiramlarını bildiriblər.
Qonaqlar çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən hərbi quruculuqdan, o cümlədən ölkəmizin müxtəlif regionlarının sosial-iqtisadi inkişafından söz açıblar. Həmçinin diqqətə çatdırılıb ki, “ASAN Könüllüləri” tərəfindən dövlətçiliyin möhkəmləndirilməsi və gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində uğurlu layihələr icra olunub.
Sonra “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları Şəmkir Hərbi Birliyində zabit və əsgərlər üçün yaradılmış şəraitlə yaxından tanış olublar.
Daha sonra tədbir iştirakçıları Gədəbəy rayonuna gəliblər. İştirakçılar əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Düşərgə üzvləri həmçinin Gədəbəy rayonunun mərkəzində ucaldılmış Sovet İttifaqı Qəhrəmanı Nadir Quliyevin və Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun abidəsini ziyarət edib, hər iki döyüşçünün xatirəsini böyük hörmət və ehtiramla anıblar. Tədbirdə Məzahir Rüstəmovun valideynləri də iştirak edib. Çıxış edən polkovnik Abdulla Qurbani hər iki döyüşçünün keçdiyi şərəfli ömür yolu və şücaəti barədə düşərgə üzvlərinə ətraflı məlumat verib. Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası, professor İzzət Rüstəmov çıxış edərək nəinki onların övladlarına, eləcə də Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinə dövlətimiz tərəfindən böyük hörmət və ehtiram göstərildiyinə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Sonda “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları Gədəbəy rayonunun Düzyurd-Miskinli yaylağına gəliblər.
Tədbiri açan polkovnik Abdulla Qurbani son illərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılmış ordu quruculuğundan və qazanılmış uğurlardan danışıb. Bu cür tədbirlərin gənclər arasında vətənpərvərlik hissinin yüksəlməsinə xidmət etdiyini deyən A.Qurbani Aprel döyüşlərinin düşmənə sarsıdıcı zərbə vurduğunu, işğal altında olan torpaqlarımızın isə tezliklə Azərbaycan Ordusunun gücü ilə geri qaytarılacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov gənclər üçün bu cür hərbi düşərgələrin keçirilməsinin vacibliyini qeyd ediblər.
Çıxışlardan sonra hərbi orkestrin ifasında müxtəlif marşlar səslənib, xüsusi təyinatlıların nümunəvi çıxışları təqdim edilib.
Qeyd edək ki, 26-30 avqust tarixini əhatə edəcək “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Eyni zamanda müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunacaq.