Hər il mayın 17-si Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) üzvləri tərəfindən Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.
Bu tarixin qeyd olunması Beynəlxalq Teleqraf İttifaqının – indiki Beynəlxalq Telekommunikasiya İttifaqının – əsasının qoyulması ilə bağlıdır.
2005-ci ilədək Beynəlxalq Telekommunikasiya Günü kimi qeyd edilən 17 may tarixini BTİ 2006-cı ilin noyabrında “Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” kimi qeyd etməklə bağlı qərar qəbul edib.
Artıq uzun illərdir ki, beynəlxalq səviyyədə dünyanın əksər ölkələrində 17 may tarixi ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi ənənə halını alıb.
Bu günün əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin genişləndirilməsi, eyni zamanda rəqəmli fərqliliyin aradan qaldırılması üçün məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.
2018-ci il üzrə “Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü”nün mövzusu “Süni intellekt” seçilib.
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Cao videomüraciətində bildirib ki, bu gün süni intellekt insanların həyatına böyük təsirə malikdir.
Süni intellektin potensial gücü yüksək templərlə inkişaf etdirilir və istifadə olunur. O qeyd edib ki, süni intellekt bizim üçün yeni imkanlar açır, eyni zamanda da qarşımıza bir sıra mürəkkəb vəzifələr qoyur.
Baş katibin fikrincə, süni intellekt iqtisadiyyatı və cəmiyyətimizi xeyli dəyişəcək. “BMT-nin İKT xidmətləri və texnologiyaları sahəsində ixtisaslaşmış təsisatı olan Beynəlxalq Telekommunikasiya İttifaqının məqsədi akademik, elmi-tədqiqat təşkilatları, administrasiya və hökumətlərlə, BMT təsisatları, eləcə də digər maraqlı tərəflər və tərəfdaşlarla birgə süni intellektin inkişafını asanlaşdırmaq və onu hamı üçün faydalı etməkdir”- deyə H.Cao vurğulayıb.
Azərbaycan 1992-ci ildən BMT-nin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə ixtisaslaşmış agentliyi – Beynəlxalq Telekommunikasiya İttifaqının üzvüdür. Təşkilatla əməkdaşlıq çərçivəsində müəyyən olunmuş bütün tələb və tövsiyələrə əməl olunur. Bu istiqamətdə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü də ölkəmizdə geniş qeyd olunur.
Belə ki, bu tarixi gün ərəfəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri istehsalat təcrübəsinə cəlb olunublar. Tələbələr 3 ay ərzində təcrübə keçəcəklər. Onlara ilkin mərhələdə nazirliyin bütün qurumlarının fəaliyyətləri ilə tanış olmaq üçün şərait yaradılıb. Daha sonra tələbələr ixtisaslarına və istəklərinə uyğun olaraq təcrübə keçmək istədikləri qurumu seçiblər.
Bununla da yetişməkdə olan gənc kadrlar ali təhsil müəssisələrində öyrəndikləri nəzəri bilikləri praktiki işlərdə tətbiq etmək imkanı əldə edirlər. Tək 2018-ci ilin ötən dövrü ərzində Məlumat Hesablama Mərkəzində universitet və kolleclərdən 80-ə yaxın tələbə təcrübədən keçib. Təcrübə müddətində tələbələrlə həm komanda, həm də fərdi şəkildə işlər görülüb. Hər bir tələbənin individual bilik və bacarıqlarına uyğun tapşırıqlar verilib. Ehtiyac yarandıqda onlara mütəxəssislər tərəfindən köməklik də göstərilib.
Silsilə tədbirlərin davamı kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkı tərəfindən “İdeyadan biznesə” layihəsi çərçivəsində Bakı şəhərindəki 23 nömrəli orta məktəbin şagirdləri üçün məlumatlandırıcı təlim və startap müsabiqəsi keçirilib.
Təlim çərçivəsində məktəblilər startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələlərlə bağlı məlumatlandırılıb.
Eyni zamanda, ideyası olan məktəblilər arasında müsabiqə keçirilib. Birinci yerə “Silver Technology”, ikinci yerə “23 School Corporation”, üçüncü yerə isə “Algasoft” layiq görülüb, qaliblər mükafatlandırılıb.
Bundan başqa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası” keçirilib.
Olimpiadada Bakı Mühəndislik Universiteti I yer, ADA Universiteti II yer, Bakı Dövlət Universiteti III yer, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası IV yer tutub. Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri isə Fərqlənmə Sertifikatı ilə təltif olunub.
Qaliblərə bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Fəxri Fərman” və “Diplom”ları, eləcə də sponsorların hədiyyələri təqdim olunacaq.