Bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə zirvə toplantısı keçiriləcək.
Türk.az xəbər verir ki, sammit hazırda İƏT-ə sədrlik edən Türkiyənin təşəbbüsü ilə çağırılıb.
İclasa təşkilata üzv olan 40-dan çox dövlətin rəsmilərinin qatılacağı gözlənilir.
Bildirlib ki, sammitdə 13 ölkənin prezidenti, əmiri və baş naziri, 2 dövlətin vitse-prezidenti, 3 ölkənin baş nazirinin müavini, 12-nin isə xarici işlər nazirləri iştirak edəcək. Bundan başqa, 11 ölkə toplantıda səfir və diplomatik missiyanın nümayəndəsi səviyyəsində təmsil olunacaq.
İran prezidenti Həsən Ruhani, Əfqanıstan prezidenti Əşrəf Qəni, İordaniya kralı II Abdullah, Sudan prezidenti Ömər əl-Bəşir, Qvineya Bissaunun prezdenti Joze Mario Vaz, Qvineya prezidenti Alfa Konde, Qətər əmiri Təmim bin Həməd Al Tani, Küveyt əmiri Sabah əl Əhməd əl-Sabah, Mavritaniya prezidenti Məhəmməd Vələd Əbdüləziz, Şimal Kipr Türk Cümhurriyyətinin prezidenti Mustafa Akıncı, Pakistanın baş naziri Şahid Abbasi və Qırğız Respublikasının baş naziri Məhəmmədkalı Abılqaziyev sammitdə iştirak edəcək.
Toplantıda Azərbaycanı Xarici İşlər naziri Elmar Məmmədyarov təmsil edəcək.
Sammitdə ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi məsələsi, bundan sonra yaranmış vəziyyət və Fələstində baş verən hadisələr müzakirə ediləcək.
Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.