“ABŞ-ın Suriyadakı terrorçulara 50 min TIR-dan artıq silah-sursatı göndərməsi bizi ciddi şəkildə narahat edir”.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ticarət naziri Uilbur Rossun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
“ABŞ-ın keçmiş prezidenti Barak Obamanın vaxtında “gəlin, təhlükəsiz bölgə yaradaq” təklifini irəli sürdüm. Təəssüf ki, bu təklifimə qarşılıq verilmədiyi üçün reallaşdıra bilmədik. Özü də Obamanın bu məsələyə müsbət yanaşdığı halda təhlükəsiz bölgə yarada bilmədik. Donald Tramp da məsələyə müsbət yanaşdı. Onda vaxt itirmədən bunu həll etməyimiz lazımdır. Bunu həll etdiymiz zaman terror qruplaşmalarına qarşı mübarizəmiz də asanlaşacaq. Qaçqınların nizamsız şəkildə köçünün də qarşısını alacağıq. Hazırda təhlükəsiz bölgənin qurulması istiqamətində fəaliyyətə başlamışıq. ABŞ-ın terrora qarşı mübarizədə və qaçqınların sağ-salamat evə dönmələri üçün təhlükəsiz bölgə yaratmağımızda yanımızda olmasını gözləyirik. Eyni zamanda ABŞ-ın 50 mindən artıq TIR-la Suriyadakı terrorçulara silah-sursat göndərməsi bizi ciddi şəkildə narahat edir. Bu yük avtomobillərindəki silah-sursat kimə qarşı istifadə edilir? Türkiyəyə qarşı. Strateji olaraq, bunu qəbul etməyimiz isə mümkün deyil”, – deyə Türkiyə prezidenti vurğulayıb.
R.T.Ərdoğan Türkiyədəki qaçqın məsələsinə də toxunub: “Hazırda ölkəmizdə 3,6 milyon suriyalı qaçqın daxil olmaqla dünyanın müxtəlif bölgələrindən olan 5 milyona yaxın əcnəbiyə ev sahibliyi edirik. Bununla da NATO-dakı müttəfiqlərimiz başda olmaqla bütün Avropanın təhlükəsizliyini təmin edirik. Ölkəmizin yeni bir köç dalğasını qəbul etməsi artıq mümkün deyil”.