Pakistanın Baş naziri İmran Xan ABŞ-ın radikal “Taliban” hərəkatının nümayəndələri ilə sülh danışıqlarını qəfil ləğv etməsindən məyus olduğunu və ABŞ Prezidenti Donald Tramp ilə qarşıdakı görüşdə onların yenidən bərpa olunmasına israr edəcəyini söyləyib.
Türk.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Dawn” nəşri yazıb.
“Bu, çox üzücüdür. Onlar sülh sazişini imzalamağa yaxın idilər. Bazar ertəsi Nyu-Yorkda ABŞ Prezidenti Trampla görüşüm olacaq və sülh barəsində dialoqun bərpa olunmasını israr edəcəyəm”, – o deyib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp, sülh sazişinin razılaşdırılmasına rəğmən, “Taliban” hərəkatının Əfqanıstanda törədilən növbəti terror hücumuna görə məsuliyyəti üzərinə götürməsindən sonra onlarla sülh danışıqlarının ləğv olunduğunu açıqlamışdı.