Sentyabrın 23-də Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
Nazirlər Kabinetindən “Report”a verilən məlumata görə, iclası açan Baş Nazir Novruz Məmmədov gündəlik barədə məlumat verib.
Bildirib ki, iclasda “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında” məsələ müzakirə olunacaq.
Novruz Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artıma və inkişafa əsaslanan iqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun prioritetliyini təmin edən dayanıqlı icmal büdcənin və dövlət büdcəsinin hazırlanmasını qarşımıza qoyulan əsas vəzifələrdən biri kimi müəyyənləşdirib. Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq ölkənin ortamüddətli büdcə və maliyə sistemi, sosial-iqtisadi inkişaf proqnozları, qəbul edilmiş dövlət proqramlarının maliyyə təminatı əsas götürülməklə gələn il və sonrakı üç il üzrə makro-iqtisadi proqnoz göstəriciləri, gözlənilən iqtisadi meyillər də nəzərə alınmaqla hazırlanıb.
“Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan və müasir çağırışlara cavab verən uğurlu sosial-iqtisadi siyasət qarşıdakı ildə də davam etdiriləcək, nəzərdə tutulan hədəflərə nail olunması ilə ölkəmizin davamlı inkişafı təmin ediləcək”, – deyə Baş Nazir vurğulayıb.
Baş Nazir bildirib ki, dünya iqtisadiyyatında geriləmələrin müşahidə olunduğu bir vaxtda ölkəmizdə 2020-ci ildə ümumi daxili məhsulun həcminin 82,7 milyard manatdan çox, real artımın 2,4 faiz, qeyri-neft sektorunda artımın isə 3,3 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Müzakirəyə təqdim olunan sənədlər iqtisadiyyatın səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, onun aparıcı sahələrinin möhkəmləndirilməsinə, əhalinin sosial rifahının, qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldilib. Növbəti ildə dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi, təhsil islahatlarının davam etdirilməsi, elektrik təchizatı, icməli su, qaz və kanalizasiya sistemlərinin və yol tikintisinin maliyyələşdirilməsi əsas istiqamətlərdəndir. Eyni zamanda layihədə kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi, əhalinin əsas ərzaq məhsulları ilə təmin olunması, aqrar sektora dövlət qayğısının artırılması və investisiya layihələrinin prioritetləşmə prinsiplərinə uyğun maliyyələşdirilməsi nəzərdə tutulur. 2020-ci ilin dövlət büdcəsinin layihəsində gəlirlərin ümumi daxili məhsulun 29,1 faizini, xərclərin isə 30,9 faizini təşkil edəcəyi, büdcə kəsirinin ümumi daxili məhsulun 1,4 faizi səviyyəsində olacağı proqnozlaşdırılır. Eyni zamanda gələn il üzrə icmal büdcənin gəlirlərinin 27,6 milyard, xərclərinin 28,2 milyard manat həddində olacağı gözlənilir.
Sonra Maliyyə naziri Samir Şərifovun və İqtisadiyyat naziri Şahin Mustafayevin gündəlikdəki məsələ ilə bağlı məruzələri dinlənilib. İclasda mövzu ilə bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.