Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Sərhəddə ticarət” indikatoru üzrə işçi qrupunun növbəti görüşü keçirilib.
Komitədən “Report”a verilən məlumata görə, görüşdə DGK sədrinin birinci müavini İsmayıl Hüseynov, DGK sədrinin müavini Cavad Qasımov, Baş İdarə rəisləri, Vergilər, İqtisadiyyat, Ədliyyə nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Qida Təhlükəsizliyi, Kiçik və Orta Biznesin İnkişafı agentlikləri, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, “Ekvita”, “BM Morrison Partners” və “Ernst & Young Azerbaijan” şirkətlərinin nümayəndələri iştirak ediblər.
Görüşdə sərhəddə ticarət indikatoru üzrə görülən işlər və gələcəkdə atılacaq addımlarla bağlı müzakirələr aparılıb, həmçinin “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin nəticələri, gömrük təmsilçiliyi, elektron bəyanetmə, biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə xarici ticarət sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün İcra və Kommunikasiya Planında nəzərdə tutulan işlər barədə ətraflı məlumat verilib.
İ.Hüseynov bildirib ki, Dünya Bankı tərəfindən nəşr edilən “Doing Business 2020” hesabatının ilkin buraxılışına əsasən, Azərbaycanın dünyanın 20 ən islahatçı ölkəsindən biri kimi elan olunması Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi islahatların nəticəsidir. Vurğulanıb ki, buraxılışa uyğun olaraq, Azərbaycan Cənubi Qafqaz üzrə yeganə, MDB üzrə dörd ölkədən biridir. Həmçinin qeyd olunub ki, “Doing Business 2020” hesabatı tam şəkildə Dünya Bankı tərəfindən cari ilin 24 oktyabr tarixində açıqlanacaq.
İ.Hüseynov Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet hədəflər çərçivəsində son illərdə gömrük işinin daha müasir və çevik metodlarla tənzimlənməsi, sağlam iqtisadi rəqabətlilik mühitinin yaradılması, xarici ticarət iştirakçıları üçün əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində mütəmadi islahatların həyata keçirildiyini diqqətə çatdırıb.
Komitə sədrinin birinci müavini qısa idxal bəyannamələrinin, “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqinin mallar və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sürətləndirilməsinə şərait yaratdığını və bu günədək 470 xarici ticarət iştirakçısına bu sistemdən daimi istifadə hüququ verildiyini qeyd edib.
Daha sonra DGK sədrinin müavini Cavad Qasımov gömrük-keçid məntəqələrində sürətli keçidin təmin olunması, gömrük təmsilçiliyi institutunun formalaşdırılması, gömrük təmsilçilərinin peşə biliklərinin artırılması və digər istiqamətlərdə görülən işlər barədə danışıb. O, gömrük təmsilçiliyi institutunun təkmilləşdirilməsi və ixtisas attestatlarının verilməsində əsas məqsədin şəffaflığın artırılması, gömrük qanunvericiliyinə düzgün riayət qaydalarının formalaşdırılması, gömrük rəsmiləşdirilməsi və əməliyyatların sürətli şəkildə həyata keçirilməsi, bu sahədə özəl sektora dəstəyin təmin olunmasından ibarət olduğunu diqqətə çatdırıb.
Daha sonra sərhəddə ticarət indikatoru üzrə görülən işlərdən bəhs edən C.Qasımov “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin nəticələri, elektron bəyanetmə və gömrük orqanlarında həyata keçirilən digər yeniliklərlə bağlı işçi qrupunun üzvlərinə ətraflı məlumat verib, növbəti görüşün gündəliyinin hazırlanması ilə bağlı təkliflər səsləndirib.
Görüşün sonunda DGK Gömrük Nəzarətının Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Beynəlxalq ticarətə dəstək şöbəsinin rəisi Rövşən Namazov “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın internet portalı (azranking.az) “Rəqəmsal Təqvim” və “İdarəetmə və İnteqrasiya Paneli” barədə məlumatlandırma” adlı təqdimatla çıxış edib. Təqdimat zamanı bildirilib ki, “Sərhəddə ticarət” indikatoru üzrə işçi qrupunun tərkibinə 3 yeni üzv – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (1 nəfər) və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (2 nəfər) daxil edilib, hazırda ümumi üzvlərin sayı 13-ə çatıb.
Daha sonra görüşün gündəliyinə uyğun mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib və onların sualları cavablandırılıb.