İstirahət günlərində Yaponiyaya çatmış “Hagibis” tufanının vurduğu zərərin nəticələri aradan qaldırılır.
AZƏRTAC xəbər verir ki, təbii fəlakət nəticəsində 39 nəfər ölüb. Daha 17 nəfərin itkin düşdüyü və 189 nəfərin xəsarət aldığı bildirilir.
Tufanın keçdiyi rayonlarda artıq təmizlik işlərinə başlanıb. Meteoroloqların bildirdiyinə görə, həmin rayonlara iki gün ərzində illik normanın 40 faizi miqdarında yağıntı düşüb.
Yaponiya Torpaq və Nəqliyyat Nazirliyinin məlumatına əsasən tufanın keçdiyi yol boyunca daşan çaylar ətraf əraziləri, yolları lilli su altında qoyub. Bu regionlardakı evlər iki-üç metr hündürlükdə suyun altında qalıblar. Dəmir yolu xəttinin çaya aşması nəticəsində qatarların hərəkəti dayandırılıb. “Hokuriku Shinkansen” yüksəksürətli sərnişin qatarlarının texniki deposu suyun altında qalıb. “JP East” dəmir yolu şirkətinin məlumatına görə, 120 vaqondan ibarət olan 10 qatarı təqribən 4 metr hündürlükdə su basıb.
Tokionun şimalında yerləşən Saytama prefekturasında səhiyyə müəssisəsi də daşqından yan ötməyib. Buradakı 220 nəfərin həyatı təhlükə altında olsa da, tibbi personal təxliyəni sürətlə həyata keçirməyə nail olub.
Fukuşima prefekturasında 70 yaşlarında bir qadın xilasedicilərin diqqətsizlik edərək sığorta kəmərini vaxtında bağlamadıqlarına görə helikopterdən düşüb.
Təqribən 136 min ev susuz qalıb, 4 min 300 evin isə elektrik enerjisi dayanıb. Baş nazir Şinzo Abe su basmış ərazilərə daha çox nasos göndərilməsinin təmin olunması barədə göstəriş verib. Polis, yanğınsöndürmə, Sahil Mühafizəsi Xidməti və özünümüdafiə qüvvələrinin 110 min əməkdaşının xilasetmə əməliyyatlarına cəlb edildiyini bildirən Ş.Abe onların bütün gecə işləməsinin zəruri olduğunu da deyib.
Bazar gününə təyin edilən oyunları təxirə salınan reqbi üzrə Kanada yığması könüllü şəkildə İvate prefekturasında təmizlik işlərinə qoşulub.
Hazırda ilkin yardım göstərilməsi ilə əlaqədar kömək işləri davam etdirilir. Ziyan dəymiş rayonlarda oktyabrın 14-də yenə yağıntı olacağı gözlənilir. Yerli hakimiyyət orqanları suyun səviyyəsinin hələ də təhlükəli həddə olduğu çayların yaxınlığındakı insanları ehtiyatlı davranmağa və torpaq sürüşmələrinə qarşı diqqətli olmağa çağırırlar.