Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
“Report” xəbər verir ki, dövlət başçısı Bakıya doğru yola çıxmamışdan əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib, səfərlə bağlı sualları cavablandırıb.
R.T.Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçiriləcək 7-ci sammitində iştirak edəcək. Türkiyə prezidenti təşkilata üzv ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcək.
R.T.Ərdoğanın səfəri oktyabrın 15-də başa çatacaq.
Qeyd edək ki, zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə həsr edilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.
Bakıda Özbəkistanın təşkilata daxil olması, xüsusən də Budapeştdə Türk Şurasının Avropa ofisinin fəaliyyətinə dair qərarların qəbul edilməsi gözlənilir.
Sammit zamanı Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevə Türk Şurasının fəxri sədri adı veriləcək.
Sammit çərçivəsində TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası kimi qurumların fəaliyyətlərinin əlaqələndirilməsini təmin edən Türk Şurasının Koordinasiya Komitəsinin yaradılması barədə də qərar qəbul ediləcək.