“WhatsApp” xidmətinin istifadəçiləri xoşagəlməz bir problemdən şikayətləniblər. Belə ki, sözügedən messencerdə aşkar edilmiş boşluq qara siyahıya salınmış abunəçilərə onları bloklamış istifadəçiləri öz mesajları ilə narahat etməyə imkan verir.
Bakıxəbər.az “ferra.ru” saytına istinadən yazır ki, bloklanmış istifadəçilər onları qara siyahıya daxil etmiş istifadəçilərə mesaj göndərə, status və profillərinə baxa bilərlər. Bu boşluq messencerin “iOS” və “Android” sistemlərinin idarəetməsi altında işləyən kliyentində mövcuddur.
Problemi aşağıdakı qaydada həll etmək mümkündür: kontaktı blokdan çıxarmaq və onu yenidən bloklamaq. Lakin belə əlavə əməliyyatlar narahatçılıq yaradır.
“WhatsApp” komandası artıq Britaniyanın “Express.co.uk” resursunun jurnalistlərinə deyib ki, bu boşluq barədə xəbərdardırlar və artıq problemi aradan qaldıran düzəliş çıxarılıb.