“Hazırda dərsliklər üçün fərqli istifadə müddətinin tətbiqi üzərində iş aparılır”.
“Report” xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda aidiyyəti dövlət qurumları ilə razılaşdırılma olacaq: “Hesab edirik ki, bəzi dərsliklərin, xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur. Amma elə dərsliklər var ki, onlar daha az istifadə olunur. Sinif səviyyəsi və dərs yükü nəzərə alınmaqla müxtəlif müddət üçün istifadə müddəti olan dərsliklərin çapı barədə düşünürük. Hesab edirəm ki, bu, dərsliklərin daha yaxşı qalmasına xidmət edəcək”.
Nazir xatırladıb ki, hazırda məktəbdə dərsliklərin istifadəsi 4 il üçün nəzərdə tutulur: “Şagird sayının dəyişməsi ilə bağlı əlavə nəşrlər də çap edilir”.