Paytaxt məktəbliləri “İtalyan dili və mədəniyyəti həftəsi” çərçivəsində “Pinokkio” əsərinin süjet xətti əsasında hazırlanmış tamaşanı təqdim ediblər.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında təşkil olunan tamaşada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova tamaşa haqqında məlumat verib. Bildirib ki, tamaşanın ərsəyə gəlməsində, şagirdlərin italyan dilində təqdimat bacarıqlarının təkmilləşdirilməsində, bu dildə ünsiyyət, eləcə də aktyorluq bacarıqlarının formalaşdırılmasında İtaliyadan ölkəmizə gələn aktyor və rejissorlar xüsusi rol oynayıblar.
Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təşviq edən “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın ölkəmizdə təşkil olunmasını yüksək qiymətləndirib. Bildirib ki, proqram çərçivəsində İtaliyanın mədəniyyətinin, tarixinin, incəsənətinin, idman ənənələrinin tədqiq edilməsi Azərbaycan-İtaliya məktəbliləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə zəmin yaradır.
M.Vəliyeva İtaliyanın Azərbaycandakı səfirliyi ilə 158 nömrəli tam orta məktəb arasında mövcud əməkdaşlığın davamı olaraq, 2019-2020-ci tədris ilində məktəbin V siniflərində italyan dilinin ikinci xarici dil kimi tədrisinə başlanılması barədə danışıb.
Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələrdə yaxşı münasibətlərin olduğunu vurğulayan İtaliyanın səfiri Auqusto Massari təhsil sahəsində də güclü tərəfdaşlıq əlaqələrinin mövcudluğundan bəhs edib.
Daha sonra 158 nömrəli tam orta məktəbin şagirdləri “Pinokkio” əsərinin süjet xətti əsasında hazırlanmış ” Pinokkio burnunun izi ilə” adlı tamaşanı oynayıblar.
Tamaşada çıxış edən 43 şagird sertifikatla təltif olunub.