Oktyabrın 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Cəbhə xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədindəki hazırkı vəziyyətə dair fikir mübadiləsinin aparıldığı görüşdə general-polkovnik Z.Həsənov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını bir daha xatırladıb.
Müdafiə naziri vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir.
T.Klaar da öz növbəsində Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini qeyd edərək bildirib ki, Avropa İttifaqı bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarıdır.