Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) nəşri olan “TÜRKSOY” jurnalının növbəti nömrəsində böyük Azərbaycan şairi Nəsimi və Türkiyənin məşhur el sənətkarı Aşıq Veysələ geniş yer verilib.
AZƏRTAC xəbər verir ki, hər iki şəxsiyyətin portretləri jurnalın üz qabığında yerləşdirilib. Bundan başqa, nəşrin ilk səhifələrindəki materiallar “Nəsimi-2019” anma ilinin Ankarada keçirilən açılış mərasiminə həsr olunub. Bundan başqa, bu mövzuda İstanbulda keçirilmiş mərasim barədə də geniş məlumat əksini tapıb. Məlumatlar sözügedən mərasimlərdən orijinal fotolarla təqdim olunub.
Qeyd edək ki, TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 2018-ci il dekabrın 19-da Türkiyənin Kastamonu şəhərində keçirilən 36-cı iclasının qərarı ilə Qırğız Respublikasının Oş şəhəri “2019-cu ildə türk dünyasının mədəniyyət paytaxtı” seçilib, eləcə də 2019-cu il anadan olmasının 650-ci ildönümü şərəfinə böyük Azərbaycan şairi İmadəddin Nəsimi və anadan olmasının 125-ci ildönümü münasibətilə türkiyəli görkəmli el sənətkarı Aşıq Veysəl ili elan olunub. İl ərzində dünyanın ayrı-ayrı ölkələrində hər üç mövzu ətrafında çoxsaylı tədbirlər təşkil olunub, maraqlı nəşrlər işıq üzü görüb.