Tramp adminstrasiyası prezident seçiləndən sonra ilk dəfədir ki, Dağlıq Qarabağ mövzusunda açıq fikir bildirir. Çünki əvvəl belə xəbərlər yayılmışdı ki, Tramp adminstrasiyası Dağlıq Qarabağ münaqişəsi üzrə nümayəndə təyin etməkdə tərəddüd edir. ABŞ münaqişə ilə yaxından maraqlanacaq, ya yox? Bu istiqamətdə şübhələr var idi.
Bu sözləri Real-a keçmiş xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarov ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeonun Bakıya göndərdiyi məktubların məzmununu şərh edərkən deyib.
Onun sözlərinə görə, Tramp adminstrasiyasından Bakıya göndərilən məktubda Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer verilməsi onu göstərir ki, ABŞ bu məsələ ilə yaxından məşğul olacaq.
Sabiq nazir onu da bildirib ki, Donald Tramp xarici siyasətdə səhvlərini düzəltmək üçün addımlar atır:
“Hətta Dövlət Departamenti də ona qarşı bəzi müxalif fikirlər səsləndirdi. Xarici siyasətdə təcrübəsi olmayan Trampın bəzi səhvləri var idi. Mən hesab edirəm ki, artıq xarici siyasətdə səhvləri aradan qaldırmağın vaxtı çatıb. Pompeo və Tramp mesajları ilə Qarabağla bağlı maraqlarını əks etdirdilər. ABŞ həmsədr olaraq bu problemin həll edilməsində lazımi addımları atmalıdır. Ermənistana qarşı ciddi təzyiqlər olmalıdır. Bu bəyanatlardan sonra real addımlar atılmalıdır”.
ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Mayk Pompeo Respublika günü münasibəti ilə Prezident İlham Əliyevə göndərdikləri məktublarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi qeydlər ediblər.
Hər ikisi bildirib ki, İlham Əliyevlə işləməyi səbirsizliklə gözləyirlər. Tramp həmçinin qeyd edib ki, qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq.
Dövlət katibi də məktubunda Qarabağ münaqişəsinə toxunub. Pompeo bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolunun tapılmasına sadiq qalırıq və tərəfləri intensiv danışıqları tezliklə bərpa etməyə təkidlə çağırırıq.