“Alibaba” internet nəhəngi dünyanın ən bahalı markaları siyahısının ilk onluğuna daxil olan ikinci Çin brendidir. Ötən il bu siyahıya “Tencent” telekommunikasiya kompaniyası daxil olmuşdu.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, “Kantar Millward Brown” agentliyinin dünyanın ən böyük reklam kompaniyası olan WPP-nin sifarişi ilə hazırladığı “BrandZ Top 100 Most Valuable Global Brands 2018” reytinqində “Alibaba” 113,4 milyard dollarla (+92 faiz) 9-cu yerdə qərarlaşıb. “Tencent” telekommunikasiya kompaniyası isə il ərzində markasının dəyərini 65 faiz – 179 milyard dollara qaldıraraq 8-ci yerdən 5-ci yerə yüksəlib.
Top-10-da digər səkkiz yeri ABŞ kompaniyaları tutur. Bununla yanaşı, “Google” markasının dəyərinə görə ardıcıl olaraq üçüncü ildir siyahıya başçılıq edir və son 12 ildə artıq səkkizinci dəfədir ki reytinqin ilk pilləsində qərarlaşır. Ötən il “Google” kompaniyasının brendi 23 faiz bahalaşaraq 302 milyard dollara çatıb.
Siyahıda ikinci yeri tutan “Apple” kompaniyasının brendi 300,6 milyard dollar həcmində qiymətləndirilir. Bu göstərici kompaniyanın son dəfə siyahıya başçılıq etdiyi 2017-ci ilə nisbətən 28 faiz çoxdur.
“Microsoft” dörd ildə ilk dəfə üçlükdəki yerini “Amazon” kompaniyasına təhvil verib. Ekspertlərin fikrincə, “Amazon”un brendi 49 faiz artaraq 207,6 milyard dollara çatıb və 201 milyard dollarlıq (+40 faiz) brendə sahib “Microsoft” kompaniyasını geridə qoyub.
Reytinqin ilk onluğuna, həmçinin “Facebook”, “Visa”, IBM, “McDonald’s” və AT&T kompaniyaları da daxildir.
Qeyd edək ki, siyahının ilk yüzlüyünə daxil olan kompaniyaların brendləri 2017-ci illə müqayisədə dəyərlərini ümumilikdə 748 milyard dollar (21 faiz) artıraraq 4,4 trilyon dollara çatdıra bilib. Onların qiymətlərinin artım templəri reytinqin mövcud olduğu tarixdən bəri rekorda imza atıb. Aparıcı markaların dəyərinin 1/3-i ilk onluqda yer alan yüksək texnologiyalar üzrə ixtisaslaşmış 8 kompaniyanın payına düşüb.