Bu il noyabrın 1-də “Bellingcat.com” saytında “Azərbaycan Gürcüstan ərazisinə müdaxilə edir” (Azerbaijan Encroaches Into Georgian Territory)” başlıqlı cəfəngiyyat dolu bir yazı dərc olunub.
“Report” xəbər verir ki, özünü Avstraliyanın “Holokost və genosidin öyrənilməsi İnstitutu”nun əməkdaşı kimi təqdim edən Masis İngilizyanın (Masis Ingilizian) müəllifi olduğu həmin yazıda guya “Azərbaycan tərəfinin Gürcüstan ərazisində yerləşən Babakar dağının zirvəsində yeni mövqelərə yiyələnməsi”, “Gürcüstan ərzilərinin Azərbaycan tərəfindən ələ keçirildiyi”, “Ermənistan tərəfinin Azərbaycanla sərhəddə 140 hektar ərazini nəzarətə götürməsi” kimi absurd məlumatlar yer alıb.
Materialla tanış olduqda adamın yadına qədim Roma hüququndan geniş məlum olan “Cui prodest?”, yəni “Kimə sərfəlidir?” sualı düşür və bu materialın birbaşa olaraq Ermənistanın maraqlarına uyğun hazırlanması tam aydın olur.
Qeyd olunmalıdır ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki təmas xəttində Azərbaycan sərhədçiləri tərəfindən xidməti-döyüş fəaliyyətinə başlanılması ilə həmin ərazilərdə böyük miqyaslı quruculuq işlərinin həyata keçirilməsi, dövlət sərhədinin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun formalaşdırılması, şəxsi heyət üçün xidməti və məişət şəraitinin yaxşılaşdırılması, döyüş mövqelərinin gücləndirilməsi və Ermənistan Silahlı Qüvvələrinin bölmələri üzərində müşahidə və nəzarət imkanlarının genişləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi barədə ictimaiyyət kifayət qədər məlumatlıdır. Məlumdur ki, görülmüş işlərin bilavasitə nəticəsi olaraq, Ermənistan silahlı qüvvələrinin mütəmadi təxribatlarının qarşısı qətiyyətlə alınır və düşmən təhdidlərinə adekvat cavablar verilir.
Bu baxımdan qeyd olunan materialın təhlili Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində öz qəsbkar məqsədlərinə – öz döyüş mövqelərini Azərbaycan sərhədlərinə doğru irəli çəkmək cəhdlərinə nail ola bilməyən mənfur qonşularımızın Azərbaycan-Gürcüstan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə çalışmalarını göstərir.
Eyni zamanda qeyd edilən materialda onun mövzusuna ümumiyyətlə aidiyyəti olmayan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə əlaqədar hadisələrə də toxunulması gəldiyimiz qənaətin doğruluğunu bir daha təsdiqləyir.
Azərbaycan əleyhinə yönələn, tam qərəzli, həqiqətə uyğun olmayan, məkrli məqsədlərlə hazırlanaraq ictimailəşdirilən bu materialın yerləşdirildiyi sayt haqqında qısa araşdırma aparmaqla çox maraqlı nəticələr əldə etdik.
Belə ki, materialın yerləşdirildiyi, özünü müxtəlif beynəlxalq cinayətlərin, münaqişələrin araşdırması ilə məşğul olan araşdırmaçılar, təhqiqatçılar və mülki jurnalistlərdən ibarət müstəqil beynəlxalq kollektiv kimi təqdim edən, Niderland Krallığının Amsterdam şəhərində qeydiyyatda olan “Stichting Bellingcat” təşkilatının “bellingcat.com” saytı əvvəllər də mütəmadi olaraq Azərbaycan haqqında həqiqəti əks etdirməyən materiallar dərc etmiş, ölkəmizə qarşı yalan və iftira kompaniyasının fəal iştirakçısı olmuşdur.
Son illər ərzində bu saytda, həmçinin saytın əməkdaşları tərəfindən Azərbaycanın aprel döyüşlərində böyük miqyaslı itkilər verməsi, Silahlı Qüvvələrimizin Naxçıvan ərazisində döyüş mövqelərini Ermənistan ərazisinə irəli çəkməsi, Azərbaycan Ordusunun raket silahlarının dislokasiyası, Azərbaycanın xarici diplomatiyasında əcnəbilərin pulla ələ alınması, Azərbaycan və İsrailin hərbi əməkdaşlığı, ölkə rəsmiləri arasında korrupsiya halları və s. haqqında anti-Azərbaycan xarakterli çoxsaylı materiallar yerləşdirilmişdir.
“Stichting Bellingcat” təşkilatının fəaliyyətini maliyyələşdirən qurumlar sırasında anti-Azərbaycan mövqeləri ilə seçilən Milli Demokratiya Fondunun (“The National Endowment for Democracy”) və Açıq Cəmiyyət Fondunun (“Open Society Foundations”) yer alması, bu təşkilatın müşahidə şurasının sədri olan Rumıniyalı jurnalist Pol Radunun (Paul Radu) həmçinin “Mütəşəkkil cinayətkarlıq və korrupsiyanın işıqlandırılması Layihəsi”nin (The Organized Crime and Corruption Reporting Project (OCCRP)) direktoru olması da bu materialın sifarişli xarakter daşımasına və ölkəmizin mənafeylərinə qarşı yönəlməsinə dəlalət edir.
2017-ci ildə Xızı rayonunun Giləzi qəsəbəsində hərbi sursat anbarında partlayışın baş verdiyi ərazinin “bellingcat.com” saytı tərəfindən əldə olunmuş peyk çəkilişlərinin isə dərhal Ermənistanın “razm.info” saytında yerləşdirilməsi, həmçinin cari ilin 7-9 mart tarixlərində Ermənistanda “Açıq mənbələrdən istifadə etməklə rəqəmsal araşdırmalar və verifikasiya metodları” mövzusunda üç günlük treninq təşkil etməsi bu təşkilatın ölkəmiz əleyhinə fəaliyyət göstərməsinin və Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığının birbaşa göstəricisidir.
Qeyd edilənləri ümumiləşdiməklə, Azərbaycana qarşı informasiya müharibəsi çərçivəsində Ermənistan tərəfinin və onlara dəstək verən xarici havadarlarının növbəti “yaylım atəşi”nin uğursuzluğunu əminliklə qeyd edə bilərik.
Bu materialı hazırlayarkən son günlərdə Ermənistan mediasında və onların maliyyələşdirdiyi xarici kütləvi informasiya vasitələrində Azərbaycanı monoetnik dövlət kimi qələmə vermək, Azərbaycan gəncləri arasında Rusiya əleyhinə fikirlərin geniş yayılması barədə yalan məlumatlar yaymaq cəhdləri də yada düşür.
Bununla bağlı ermənilərin öz adlarını azərbaycanlılara çıxmaq istəklərinə çata bilməyəcəkləri xüsusi vurğulanmalıdır, çünki məşhur məsəlimizdə deyildiyi kimi “Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır”, yaxuddakı erməni atalar sözündə deyildiyi kimi: “dəvə öz hörgücünü görmür”.