Heydər Əliyev Sarayında Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Koreyanın ətri” konserti keçirilib.
Türk.az-ın xəbərinə görə, tədbiri giriş sözü ilə aşan Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq Qyu Azərbaycan xalqını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik edib. O, Azərbaycan və Koreya Respublikalarının dostluq münasibətlərindən söz açıb.
Səfir bildirib ki, bu konsertdə koreyalı və azərbaycanlı ifaçılar caz musiqisi və rəqslər nümayiş etdirəcəklər. Koreyanın milli və saray musiqisinin ən yaxşı nümunələri caz musiqisi ilə sintez şəkildə təqdim ediləcək.
Azərbaycana ilk dəfə səfər edən Koreya Xarici İşlər Nazirliyinin mədəniyyət işləri üzrə baş direktoru Hong Seok hər iki ölkənin Altay dil qrupuna aid olduğunu nəzərə çatdırıb: “Mədəni və emosional oxşarlıqlarımız da çoxdur. Bizim İkitərəfli əlaqələrimiz 1992-ci ildən başlayıb və inkişaf edir. Daha da önəmlisi odur ki, son dövrlərdə vətəndaşlarımız bir-birini tanımaq üçün könüllü mübadiləyə başlayıblar. Hər il daha çox koreyalı Azərbaycanın qeyri-adi təbiətini görmək üçün ölkənizə səfərlər edir. Koreya mədəniyyəti ilə maraqlanan azərbaycanlıların da sayı artmaqdadır. Gələcəkdə Azərbaycana səfər edəcək koreyalıların sayının artacağına əminəm. Mənə elə gəlir ki, bundan sonra cənab səfirin işi daha da ağırlaşacaq”.
Koreya XİN rəsmisi: “İnanıram ki, bu konsert könül yollarının açılmasına şərait yaradacaq. İndiki kimi ürək açıqlığı ilə əməkdaşlığa davam edəcəyimiz təqdirdə Azərbaycanla Koreyanın iki ən yaxın dost ölkə olacağına inanıram”.
Tədbirdə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn də Koreya və Azərbaycan Respublikaları arasında diplomatik münasibətlərin tarixindən danışıb, hazırda bir çox sahələrdə əməkdaşlığın davam etdiyini bildirib: “Keçirilən tədbirlər ikitərəfli əlaqələrin inkişafına böyük təkan verir. Ölkələrimiz arasında beynəlxalq, regional təşkilatlar çərçivəsində əməkdaşlıq mövcuddur. Koreya Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ümidvaram ki, gələcəkdə əməkdaşlığımızın daha da inkişafı istiqamətində məqsədyönlü fəaliyyət göstəriləcək”.
Daha sonra koreyalı musiqiçilərin ifasında Şimyon, Binari, Cinyon, Heşimqoq və s. kimi Koreya milli musiqiləri, eləcə də Koreya milli musiqisi ilə caz musiqisinin sintezi təqdim olunub, Koreyanın milli rəqsləri ifa edilib, Koreya Milli musiqi qrupu ilə Buta-Azərbaycan Xalq Çalğı Alətləri Ansamblının birgə ifaları göstərilib.
Sevda Elay Əsgərova