Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan hissəsi qazla doldurulub.
Trend bu barədə TAP konsorsiumuna istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, konsorsium noyabrın 25-də boru kəmərinin Yunanıstanda Evros çayı və Kipiy kompressor stansiyası arasındakı 2 kilometrlik sahəsini təbii qazla doldurmağa başlayıb.
“Bu, boru kəmərinin istifadəyə verilməsi prosesinin ilkin mərhələsidir. Bunun məqsədi prosesin başa çatmasından sonra infrastrukturun işə hazırlığının və tam təhlükəsizliyinin təmin olunmasıdır. Təbii qazın sistemə daxil edilməsi prosesi təhlükəsizlik, ətraf mühitin mühafizəsi və keyfiyyət standartlarına müvafiq reallaşdırılır”.
Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.