“İl başa çatır. Artıq indidən demək olar ki, bu il bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərimizin inkişafı üçün çox uğurlu olub. Yüksək səviyyədə, prezidentlər arasında çox mühüm görüşlər olub. Beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlərdən əlavə, prezidentlər arasında iki görüş olub. Sizin də iştirak etdiyiniz həmin görüşlərdə bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətimizin əsas, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafı prinsipləri təsdiq edilib. Prezidentlər “yol xəritələri”nin implementasiyası üzrə işi fəallaşdırmaq barədə tapşırıq veriblər. Şadam ki, bu proses çox uğurla gedir”.
“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.
“Mehriban Əliyevanın Moskvaya səfəri çərçivəsində də “yol xəritələri” siyahısının genişləndirilməsi razılaşdırılıb ki, onlar yeni sahələri əhatə etsin. “Yol xəritələri”nin reallaşmasının yaxşı nəticələr verdiyini nəzərə alsaq, bu, çox vacibdir. Ona görə də bu siyahıya yeni istiqamətlərin əlavə edilməsi, əlbəttə ki, bizim əməkdaşlığımızın məntiqi davamıdır.
Biz ili yaxşı nəticələrlə başa vururuq, əmtəə dövriyyəsi artır. Bu, sevindirici haldır, çünki əmtəə dövriyyəsi ilbəil artır. Mövcud potensialın artırılması ilk baxışda çətindir, çünki baza artır. Bununla bərabər, biz fəal qarşılıqlı əlaqələrin nəticələrini görürük. Bu nəticələr həm əmtəə dövriyyəsinin, həm də investisiyaların artmasında əksini tapır. Bu məsələ yaxın vaxtlarda Mehriban Əliyevanın səfəri çərçivəsində də müzakirə edilib və vurğulanıb ki, həm Rusiyadan Azərbaycana, həm də Azərbaycandan Rusiyaya çoxmilyardlıq investisiyalar, ilk növbədə, bizim bir-birimizə etimadımızın, həmçinin Rusiyada da, Azərbaycanda da yaxşılaşmaqda olan əlverişli investisiya mühitinin göstəricisidir. Biz bunu Dünya Bankının “Doing Business” reytinqində də, Davos Forumunun rəqabətqabiliyyətlilik reytinqində də görürük. Bu reytinqlərdə həm Azərbaycan, həm də Rusiya öz mövqelərini yaxşılaşdırır. Bu, obyektiv reallıqdır. Bu fakt onu göstərir ki, ölkəmizdə həyata keçirilən islahatlar konkret nəticələr verir”, – deyə, dövlət başçısı əlavə edib.
Prezident bildirib ki, bu gün Azərbaycanda çox mühüm investisiya layihəsinin – əczaçılıq müəssisəsinin açılışı olacaq:
“Bu istiqamətdə Azərbaycan bazarının genişlənməsini, əhalinin və istehlakın da artmasını nəzərə alsaq, bu, çox sevindirici haldır. Əlbəttə ki, biz bazarı özümüzün istehsal etdiyimiz məhsullarla zənginləşdirməkdə maraqlıyıq. İndiki halda Rusiya şirkətinin Azərbaycanda istehsalı başqa istiqamətlərdə, maşınqayırma, energetika və nəqliyyatda olduğu kimi, bizim münasibətlərimizin yaxşı göstəricisidir. Samur çayı üzərindən körpünün tikintisi praktiki olaraq başa çatdırılıb. Bu da onun nəticəsidir ki, yüksək səviyyədə qəbul edilən bütün qərarlar yerinə yetirilir. Zənnimcə, bu, bizim münasibətlərimizin əsas nailiyyətlərindən biridir. Biz qarşıya konkret məsələlər qoyur, onları konkret həll edir və yaxşı nəticələr görürük.
Əlbəttə, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun ilkin görkəmdə bərpa olunmasını məmnuniyyətlə qeyd etməliyəm. Mən bu pavilyonun açılışına televizorla baxmışam, sonra isə bizim telekanallarda çoxlu reportajlar göstərilib. Bu, əlbəttə, bizim münasibətlərimiz üçün çox böyük əhəmiyyət kəsb edən olduqca əlamətdar hadisə və bizim ortaq tariximizə hörmət əlamətidir. Düşünürəm ki, bu pavilyon Azərbaycan mallarını Rusiya bazarlarında çox fəal təbliğ edəcək.
Başqa sözlə desək, bizim əməkdaşlığımızın bütün istiqamətləri üzrə müsbət nəticələr göz qabağındadır. Artıq yekun vurmaq olar. Əminəm ki, növbəti il də çox uğurlu olacaq, ona görə ki, münasibətlərimizi möhkəmlətmək üçün çox ciddi niyyətlərimiz var. Bu gün Hökumətlərarası Komissiyanın iclası da keçiriləcək. Əminəm ki, geniş spektrli məsələlər müzakirə olunacaq, reallaşdırılmaq üçün konkret tapşırıqlar veriləcək”.