Özəlləşdirilən müəssisələr haqqında bütün məlumatlar vətəndaşlar üçün açıqdır. Sadəcə Özəlləşdirmə portalına (privatization.az) və Əmlak Məsələləri Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) “emdk.gov.az” internet saytına daxil olmaqla lazımi informasiyaları əldə etmək mümkündür. Komitənin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində də özəlləşdirmə prosesi ilə bağlı məlumatlar dərc edilir. Bu məlumatlar hər hansı bir müəssisə və dövlət əmlakı özəlləşdirilməyə çıxarılmazdan bir ay öncə ictimaiyyətə geniş şəkildə açıqlanır. Özəlləşdirmə, o cümlədən hərraclara çıxarılan əmlaklar və hərracın nəticələri ilə bağlı da operativ məlumatlar kütləvi informasiya vasitələrində yayımlanır.
Komitədən AZƏRTAC-a bildirilib ki, səhmdar cəmiyyətlərin səhmlərinin hərraclarda özəlləşdirilməsi ilə bağlı məlumatlarda müəssisənin adı və təsis tarixi, hüquqi ünvanı, nizamnamə kapitalının həcmi, buraxılmış səhmlərin ümumi həcmi, bir səhmin nominal dəyəri, satışa çıxarılmış səhmlərin sayı və nominal dəyəri, onların ilkin hərrac qiyməti, ilkin hərrac qiymətinin 10 faiz hesablanmış behin məbləği kimi informasiyalarla tanış olmaq mümkündür.
Kiçik dövlət müəssisələrinin hərrac elanlarında isə müəssisənin adı, ünvanı, ümumi faydalı sahəsi, özəlləşdirilən torpaq sahəsi, işçilərinin sayı, əmlakın start qiyməti, əmək kollektivinə güzəştli şərtlərlə satılmış hissə, torpaq sahəsinin ilkin qiyməti, ümumi əmlakın ilkin qiyməti və 10 faiz behin məbləği açıqlanır.
İstifadəsiz qeyri-yaşayış sahələrinin özəlləşdirmə elanlarında obyektin adı, ünvanı, mərtəbəliliyi, sahəsi, ilkin hərrac qiyməti və ödəniləcək behin məbləği qeyd edilir.
Özəlləşdirmədə ictimaiyyət üçün geniş seçim imkanlarının olması üçün dövlət əmlakları barədə məlumatlar hər həftə yenilənir. Həmin əmlaklar hərracın keçirilməsindən 1 ay əvvəl yerləşdirilir. Əmlaklarla əvvəlcədən tanışlıq investora öncədən fəaliyyətini planlaşdırmağa, bazarı ətraflı təhlil etməyə, mövcud riskləri analiz etməyə imkan verir.
Özəlləşdirmənin nəticələri barədə də geniş məlumatlar ictimaiyyətə çatdırılır. Bu məlumatlar hərrac baş tutduqdan 15 gün müddətinə açıqlanır. Nəticələrlə tanış olmaq üçün portalda xüsusi bölmə də fəaliyyət göstərir. Nəticələrdə isə müəssisənin ünvanı, dövlət büdcəsinə ödənilməli vəsaitin məbləği, o cümlədən satılmış səhmin miqdarı və növü, hesablaşma qaydası kimi mühüm məlumatlar verilir.
Investisiya müsabiqəsi vasitəsilə özəlləşdiriləcək müəssisələr haqqında da geniş informasiyalar acıqlanır. Onların fəaliyyət istiqaməti, bazardakı perspektivləri, mövqeyi kimi məlumatlar yer alıb. Həmçinin əsas istehsal sahələri və onların qısa xarakteristikası, eyni zamanda, investisiya qoyuluşunda üstün cəhətlər, müəssisənin imkanları, bazarda mövcud olan rəqiblər və onların xüsusi çəkisi haqqında ətraflı informasiyalar yerləşdirilib.
Alıcı hərracda iştirak üçün hərracın başlanmasına ən gec 3 bank günü qalanadək sifariş verməli və özəlləşdirilən əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində behi müvafiq bank hesabına köçürməlidir. Sifarişin və ona əlavə edilən sənədlərin qəbulu dərc olunmuş məlumatda göstərilən müddətdə həyata keçirilməlidir.
Qeyd edək ki, dövlət əmlakları özəlləşdirilməyə çıxarılmazdan əvvəl icarəçilərə bildirişlər göndərilir. Bildirişdə əmlakın hərrac vasitəsilə özəlləşdirilməsi barədə məlumat əks olunur.