AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və Epiqrafika şöbəsinin müdiri, t.ü.f.d. Akif Quliyev növbəti dəfə Rusiya Federasiyasında geçirilən “Monetnoye Sozvezdiye – 2019” xatirə sikkələrinin XIII Beynəlxalq müsabiqəsinin münsiflər heyətinə üzv seçilib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun saytımıza verdiyi məlumata görə, müsabiqədə dünyanın müxtəlif ölkələrinin nüfuzlu numizmat alimləri, bank, qiymətli kağız evlərinin və zərbxanalarının rəhbərləri, kolleksiyaçılar iştirak edəcək.
Bu il müsabiqədə 9 nominasiya üzrə 27 sikkə qalib elan ediləcək. Xatırladaq ki, bu ilki müsabiqədə Rusiya, Qazaxıstan, Macarıstan, Fransa, Kanada, İspaniya, İtaliya, Böyük Britaniya, Polşa, Misir, Avstriya, Ermənistan və s. ölkələrin 2019-cu ildə zərb edilmiş xatirə sikkələri iştirak edəcək. İlin sonunda hər nominasiya üzrə üç (I, II və III) yerin qalibləri elan ediləcək.
Xüsusi olaraq vurğulanmalıdır ki, azərbaycanlı alim beşinci ildir ki, bu nüfuzlu müsabiqəyə münsif qismində dəvət edilir.
Akif Quliyev açıqlamasında növbəti ildə Azərbaycan sikkələrinin müsabiqədə iştirak edərək ilin ən yaxşı sikkəsi adına layiq görüləcəyinə ümid etdiyini bildirib.