Berlində naməlum şəxslər nasist Almaniyasının generallarından biri, 1939-1942-ci illərdə İmperiya Təhlükəsizliyi Baş İdarəsinin rəisi, Adolf Hitlerin sadiq əlaltısı olmuş Reynhard Qeydrixin məzarını qazıblar.
Bu barədə “Report” BBC “News”a istinadən xəbər verir.
Bildirilir ki, Qeydrixin məzarı qazılsa da, onun nəşinin qalıqlarları toxunulmamış qalıb. Qeyd edək ki, Qeydrixin həmin qəbirdə dəfn edilməsi ilə bağlı məzarın üzərində hər hansı bildiriş yoxdur. Buna görə də cinayətkarların həmin məzarı məqsədli şəkildə qazdıqları güman edilir.
“Report” xatırladır ki, Qeydrix Üçüncü reyxin iyerarxiyasında böyük siyasi çəkiyə malik olub və yəhudilərin soyqırımı planının əsas müəlliflərindən biri idi. O, 4 iyun 1942-ci ildə Çexoslovakiyanın mühacirətdə olan hökumətinin təşkil etdiyi, Britaniyanın xüsusi xidmət orqanlarının iştirakı ilə hazırlanmış “Antropoid” əməliyyatı çərçivəsində, Praqada təşkil olunmuş sui-qəsd nəticəsində öldürülüb.
Buna cavabında Hitler Çexoslovakiyanın Lidiça kəndini yer üzündən silmək, sakinlərinin isə bir qismini öldürmək, bir qismini konslagerlərə göndərmək barədə əmr verib. Kənddə İkinci Dünya müharibəsinin ən böyük soyqırımlarından biri həyata keçirilib. Öldürülənlər arasında qadınlar, qocalar, uşaqlar da olub.
Reynhard Qeydrixə sui-qəsd xüsusi təlim görmüş 4 hərbçi, kəşfiyyatçı tərəfindən həyata keçirilib. Sonradan sui-qəsdçi hərbçilərdən biri külli miqdarda pul müqabilində öz yoldaşlarını nasistlərə satıb və onlar faşislərin keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb. Satqın hərbçi isə müharibə başa çatdıqdan sonra məhkəmə qarşısına çıxarılaraq edam edilib.
İkinci Dünya Müharibəsindən sonra məşhur nasist xadimlərinin qəbirlərinin adını silmək barədə qərar qəbul edilib. Buna neonasistlərin həmin məzarları sitayiş yerlərinə çevrilmələri səbəb olub.