Naxçıvandakı Allahşükür məscidinə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dini qurumlarla iş üzrə Dövlət Agentliyi tərəfindən Dini icmaların Dövlət qeydiyyatı haqqında 19 saylı Şəhadətnaməsi verilib.
“Report”un xəbərinə görə, şəhadətnamə Qafqaz Müsəlmanları İdarəsinin sədrinə təqdim olunub.
Allahşükür məscidi dini icmasının dini tələbatlarının ödənilməsinə xidmət edəcək bu məscidin Naxçıvan Muxtar Respublikasının Tarix və mədəniyyət abidələrinin reyestrində 4/308 saylı qeydiyyat kartında istifadədə olan və ölkə miqyasında mühafizə olunan memarlıq abidəsi kimi göstərilən məscidin memarlıq kompozisiyası, qısa təsviri əksini tapır. Göstərilir ki, Ordubad rayonunun Dırnıs kəndinin gözəl panorama malik hündür ərazisində yerləşən məscid zal, zalın arxa tərəfində minarə, sağ, sol və arxa tərəflərdə koməkçı otaqlardan ibarətdir. 15×14 metr ölçülərdə olan məscid binasının 19,6 metr hündürlüyündə və diametri 2 metr olan dəmir-beton minarəsi vardır. Məscidin ərazisinin hündür konusvarı təpəlik olması onun bədii görkəminə bir monumentallıq gətirir.
Məscidin layihələndirilməsi zamanı, əsasən, milli memarlıq elementlərindən istifadə edilərək müasirlik ön plana çəkilib. Binanın qərb fasadında milli memarlığımızın vacib elementi olan baş portal yerləşdirilib və portal Möminə xatun türbəsinin özünəməxsus memarlıq tağı və ornamentləri ilə bəzədilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamına uyğun olaraq tədbirlər planı çərçivəsində cari il dekabrın 4-də AR Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasında yubiley mərasimi keçirilib. Yubiley tədbirləri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ordubad rayonunun Dırnıs kəndində yeni inşa olunmuş Allahşükür məscidinin açılış mərasimində iştirak edib.