İlham Əliyev 2 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İmamverdi İsmayılovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Türk.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İmamverdi İbiş oğlu İsmayılov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2011-ci il noyabrın 7-də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Parlamentin Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəridir.

Evlidir, 3 övladı var.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir:

1. Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon (üç milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

ƏvvəlkiOqtay Mirqasımov “Milli Kino” mükafatına layiq görülüb
NövbətiBakıda sərxoş sürücü sükan arxasında yuxulayaraq qəza törədib – FOTO – VİDEO