Dekabrın 28-də Bakı Dövlət Universitetində (BDU) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə rektor Elçin Babayev açıb. O bildirib ki, yola saldığımız 2019-cu il Azərbaycan üçün hər mənada uğurlu oldu. Bu il ərzində ölkəmiz bir neçə beynəlxalq tədbirə ev sahibliyi etdi. Keçirilən tədbirlər bir daha göstərdi ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır.
Elçin Babayev qeyd edib ki, ötən il həm də islahatlar ili kimi yadda qaldı. Həyata keçirilən köklü, dərin, gələcəyə yönəlmiş islahatların kökündə Azərbaycanın daha da inkişaf etməsi, qüdrətlənməsi əsas meyar kimi götürülüb.
Rektor diqqətə çatdırıb ki, 2019-cu il 100 illiyini qeyd edən universitet üçün tarixi bir il oldu. Universitetin 100 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. Prezident İlham Əliyevin yubiley mərasimində hərtərəfli çıxışı bizim üçün bir proqrama çevrildi. Universitetin yubileyi münasibətilə 800-ə yaxın əməkdaş Bakı Dövlət Universitetinin 100 illik yubiley medalı ilə təltif olunub, 113 əməkdaş isə yüksək dövlət təltiflərinə layiq görülüb.
Rektor Elçin Babayev universitetin professor-müəllim heyətini, tələbələrini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Sonra BDU-nun Tarix fakültəsinin dekan əvəzi İbrahim Zeynalovun Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı məruzəsi dinlənilib.
Tədbir bədii hissə ilə davam edib.