İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının İraq paytaxtı Bağdadda öldürülən komandiri general Qasım Süleymani və digər hərbçilərlə vida mərasimi keçirilir.
“Report” İRNA-ya istinadən xəbər verir ki, Tehran Universitetində təşkil olunan mərasimə İranın ali rəhbəri Ayətullah Əli Xamenei, prezident Həsən Ruhani, hökumət üzvləri və din xadimləri qatılıb.
Azərbaycan, Türkiyə, Fələstin, Əfqanıstan, İraq, Suriya, Özbəkistan, Keniya, Qvineya-Bisaunun İrandakı səfirləri mərasimdə iştirak ediblər.
Burada Ayətullah Əli Xameneinin rəhbərliyi ilə cənazə namazı qılınıb.
Yüzminlərlə İran vətəndaşı Q.Süleymani ilə vidalaşmaq üçün meydanlara toplaşıb.
Tehran Universitetində keçirilən mərasim başa çatandan sonra cənazə paaytaxtın “İnqilab” meydanından “Azadi” meydanına gətiriləcək, oradan isə Qum şəhərinə göndəriləcək. Bu şəhərdə Q.Süleymani ilə vida mərasimi keçiriləcək. Q.Süleymani yanvarın 7-də doğulduğu Kerman şəhərində dəfn olunacaq.
Qeyd edək ki, Q.Süleymani yanvarın 3-də İraqın paytaxtı Bağdadda ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində öldürülüb.