Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında ölkəmizi təmsil edən məktəblilər növbəti uğur əldə ediblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 20 ölkədən 588 şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar.
Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov riyaziyyat fənni üzrə gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul Abbasov və Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medala layiq görülüblər.
Fizika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov isə bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 1 qızıl, 3 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 8 medal əldə ediblər.
Xatırladaq ki, Azərbaycan məktəbliləri 2006-cı ildən etibarən sözügedən olimpiadada iştirak edirlər və bu günədək 3-ü qızıl, 19-u gümüş, 27-si bürünc olmaqla ümumilikdə 49 medal qazanıblar.
İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.