Naqif Həmzəyev seçiciləri daha güclü Azərbaycan naminə səs verməyə çağırıb

Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Naqif Həmzəyev seçicilərlə görüşlərini uğurla davam etdirir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş Məhsəti Gəncəvi Mərkəzində keçirilib. Görüşdə Təbliğat Qrupunun üzvləri, ağasaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

 

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi yenidən irəli sürülən YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev haqqında ətraflı məlumat verilib, onun fəaliyyəti yüksək qiymətləndirilib. Eyni zamanda, Naqif Həmzəyevin V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi seçildiyi ərazinin inkişafı istiqamətində real işlər görməsindən, problemlərinin həlli yolunda seçicilərin köməyinə çatmasından, sadəliyi və səmimiliyi ilə Gəncə sakinlərinin
rəğbətini qazanmasından danışıblar.

Görüşə gəldikləri üçün seçicilərə təşəkkür edən Naqif Həmzəyev ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib, ölkə Başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların ölkəmizin ümumi inkişafına verdiyi töhfələrdən danışıb.

Məhəllələrdə keçirilən hər bir görüşdə seçicilərin ölkəmizdə həyata keçirilən əsaslı və genişmiqyaslı islahatları dəstəklədiklərinin şahidi olduğunu qeyd edən Naqif Həmzəyev Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş deputatlığa
namizədlərin seçki kampaniyasının, eləcə də seçkinin nəticələrinin uğurlu olacağına inandığını bildirib.

Deputatlığa namizəd seçiciləri fəal olmağa, seçki günü daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıb.

ƏvvəlkiRövnəq Abdullayev yenidən AFFA prezidenti seçilib
NövbətiAparat rəhbəri seçki kampaniyasına başlayıb