Bakı Ali Neft Məktəbi (BANM) akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib. Azərbaycan neft sənayesinin canlı əfsanəsi, bu sahəyə böyük töhfələr vermiş SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin adına təsis edilmiş təqaüd BANM-də keçirilən yubiley tədbirində ilk sahiblərinə təqdim olunub.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, təqaüdə neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan V kurs tələbələri Nihad Abbasov (ali məktəbə qəbul imtahanı göstəricisi – 700 bal) və Nadir Namazov (ali məktəbə qəbul imtahanı göstəricisi – 695 bal) layiq görülüblər. Onlar həm də Prezident təqaüdçüləridirlər.
Təqaüd adıçəkilən tələbələrə tədris illəri ərzində əldə etdikləri yüksək nəticələrə və ali məktəbin sosial-ictimai həyatında fəallıqlarına görə təqdim olunub.