Rusiya və Ermənistanın baş nazirləri – Mixail Mişustin ilə Nikol Paşinyan Almatıda Avrasiya İqtisadi Birliyi (AİB) Hökumətlərarası Şurasının iclasında ilk ikitərəfli görüşdə selfi çəkdiriblər.
Türk.az TASS-a istinadən xəbər verir ki, görüşün əvvəlində salona daxil olan M.Mişustin dərhal masa arxasına əyləşmək istəsə də, erməni həmkarı şəkil çəkdirməyin lazım olduğunu xatırladıb və onu bayraqlar tərəfə dəvət edib.
Baş nazirlər əl sıxıb şəkil çəkdirən zaman Rusiyanın hökumət başçısı bir qədər fərqli bucaqda dayanmağı təklif edib. N.Paşinyan isə razılaşaraq dərhal əlavə edib: “Bəlkə selfi də edək?” Nümayəndə heyəti üzvlərinin gülüş sədaları altında Ermənistan baş naziri cibindən telefonunu çıxararaq selfi edib. Mişustinin “bəs erməni dilində selfiyə nə deyirlər?” sualına Paşinyan “selfi elə erməni sözüdür də” deyə gülməli cavab verib.