Misirin Daxili İşlər Nazirliyi Şimali Sinay vilayətinin Ariş rayonunda terrorçulara qarşı həyata keçirilən əməliyyat barədə məlumat yayıb. AZƏRTAC “Egypttoday” portalına istinadla xəbər verir ki, məlumatda antiterror əməliyyatında İŞİD-in düşərgələrində təlim keçmiş 17 terrorçunun öldürüldüyü bildirilir.
Misirin DİN bildirib ki, Milli Təhlükəsizlik Agentliyinə Obeydat adlanan qəsəbədə toplaşan silahlıların terror aktı üçün hazırlıq gördükləri barədə məlumat daxil olub. Xüsusi təyinatlı polis dəstələrinin həyata keçirdiyi əməliyyat nəticəsində 17 terrorçu öldürülüb, onların düşərgəsində çoxlu sayda silah və partlayıcı qurğu aşkar edilərək götürülüb.
Qeyd olunub ki, ölkənin Ali Dövlət Təhlükəsizliyi Prokurorluğu faktla bağlı təhqiqat aparır.