Bir həftədir ki, səhər saatlarından etibarən Bakı metrosunda sərnişin sıxlığı müşahidə edilir.
Əsasən “28 May” metrostansiyasından “Dərnəgül” istiqamətinə gedən qatarlar ləngiyir. Qatarlar arasında olan intervalın çoxluğu platformada sərnişin sıxlığını bir qədər də artırır. Bu səbəbdən stansiyaya yaxınlaşan qatarlara minmək çətinləşir və sərnişinlər bir neçə qatarı ötürməli olurlar. Bu vəziyyətlə bağlı saytımıza çox sayda sərnişindən şikayət daxil olub.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Cebhe.info-ya açıqlamasında son vaxtlar metrodakı sıxlığı sərnişin artımı ilə əlaqələndirib:
“Bir həftədir ki, xüsusi sərnişin sıxlığı hiss olunur. Gün ərzində orta hesabla 800 min sərnişin daşınır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə hiss olunacaq artım deməkdir. Qış dövründə sessiya və ya tətiliylə bağlı Metropolitendə sərnişin seyrəkliyi var idi. Qış tətili bitdikdən sonra xüsusi sıxlıq müşahidə olunmağa başladı. Hər il həm tədris mövsümü başlayanda, həm də qış dövründə belə hal yaşanır. Ümumən bunun səbəbi sərnişin artımı ilə bağlıdır. Ötən illə müqayisədə Metropolitendə sərnişin sayı artıb. Son illərdə Metropolitendə sərnişin sayının artması tendensiyası davam edir”.
Metropoliten rəsmisi əlavə edib ki, sərnişin sıxlığı ilə bağlı hər hansı təşviş və ya narahatlıq yoxdur:
“Sərnişin sıxlığı ilə bağlı əlahiddə problem müşahidə olunmur. Stansiyalar normal qaydada iş rejimini davam etdirir. Ümumən götürdükdə Metropoliten hər gün gücləndirilmiş iş rejimi ilə çalışır. Gündəlik monitorinqlər aparılır və sərnişin axınına uyğun olaraq müvafiq qərarlar verilir. Ən əsası isə qatarlarımız saz vəziyyətdədir və xətdə qrafik üzrə hərəkət edirlər. Sadəcə gün ərzində qatarın hansısa stansiyada bir qədər artıq dayanması müşahidə olunur ki, bu da ciddi problemdən xəbər vermir”.
Alçina Amilqızı