İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü qeyd olunur. Bu münasibətlə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ordumuzun əsas prioritetləri, aparılan uğurlu islahatlar, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb.
Türk.az-ın məlumatına görə, nazir bildirb ki, ordumuzun silahlanmasına yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir, geniş ərazidə dəqiq məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası qəbul edilib: “Bu da ordumuzun qüdrətinin artmasına əvəzsiz töhfələr verib. Ali Baş Komandanın tapşırığına əsasən, bu proses mərhələlərlə, davamlı surətdə həyata keçirilir.
Son illər ərzində hərbi potensialımız xeyli dərəcə artaraq Ermənistan ilə Azərbaycan arasında hərbi balansı bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib.
Məhz 2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə Orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub. Hər iki tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün olduğunu əyani şəkildə sübut etdi.
Regionun xüsusiyyətləri, cəbhəboyu zonadakı şərait və vəziyyət nəzərə alınmaqla, o cümlədən düşmən üzərində daim hərbi üstünlüyü saxlamaq məqsədilə silahlanmaya inkişaf etmiş müxtəlif ölkələrdə istehsal olunan yeni, müasir və keyfiyyətli döyüş texnikası, eləcə də digər hərbi təyinatlı məhsullar daxil edilir”.
Z. Həsənov qeyd edib ki, Azərbaycan müxtəlif ölkələrdən müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz uçuş aparatları alır. Eyni zamanda, ordumuz Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal edilən hərbi təyinatlı məhsullarla da təchiz olunur.
“Rusiya, Belarus, Ukrayna kimi tərəfdaşlarımızla yanaşı qardaş Türkiyə, o cümlədən İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və digər inkişaf etmiş dövlətlərlə qarşılıqlı əməkdaşlıqda hərbi imkanlarımızı genişləndiririk. Ordumuzun arsenalında olan əksər döyüş texnikası, silah və sursatın Rusiya istehsalı olduğunu nəzərə alaraq, iki ölkənin müdafiə qurumları nümayəndələrinin birgə işçi qrupları daim qarşılıqlı fəaliyyət göstərir. Ordunun silahlanmasına yeni daxil edilən silah və texnikanın öyrənilməsi və düzgün istismarını təmin etmək məqsədilə kadrların hazırlığına xüsusi diqqət yetirilir, təşkil edilən kurslarda hərbi qulluqçularımız müvafiq təhsil alır və öz bacarıqlarını təkmilləşdirirlər”.